BMT-nin Suriya üzrə xüsusi elçisinin müavini Klaudio Kordone İsrailin Suriyada müddətsiz hərbi mövcudluğu ilə bağlı açıqlamalardan narahatlığını bildirib. O, məsələni BMT Təhlükəsizlik Şurasının iclasında gündəmə gətirib. Kordonenin sözlərinə görə, İsrail qüvvələrinin Suriyadakı mövcudluğu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozur. O, bunun 1974-cü il Qüvvələrin Ayrılması haqqında Sazişə də uyğun olmadığını bildirib. BMT rəsmisi İsrail qüvvələrinin Suriyanın cənubunda quru əməliyyatları və evlərdə axtarışlar həyata keçirdiyini qeyd edib. Qüneytrə və Yərmuk hövzəsində şəxsi və kənd təsərrüfatı əmlakına ziyan vurulduğu da bildirilib. Kordone Hələb yaxınlığındakı Əbu əz-Zuhur hərbi hava bazasına endirilən İsrail zərbəsini pisləyib. O, baş verənləri bölgədə vəziyyətlə bağlı narahatlığı artıran hadisələr kimi qiymətləndirib.