BAKI,VOA Orxan Qədirzadə
Suriyada YPG/SDQ-nin silahlı qüvvələrini ləğv edərək Suriya ordusuna inteqrasiya qərarı İsrail mətbuatında Türkiyə üçün böyük diplomatik və hərbi uğur kimi qiymətləndirilib.
İsrailin “Maariv” qəzetində yayımlanan təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya istiqamətində həyata keçirdiyi siyasətin Ankara üçün mühüm nəticələr doğurduğu bildirilib. Təhlildə YPG/SDQ-nin muxtariyyət iddialarından geri çəkilərək silahlı qüvvələrinin Suriya ordusuna daxil edilməsinə razılaşması Türkiyənin bölgədəki təsirinin göstəricisi kimi təqdim olunub.
Məqalədə bu prosesin İsrail üçün isə “strateji zərbə” olduğu vurğulanıb. Bildirilib ki, Suriyanın şimalında yaranan yeni vəziyyət İsrailin bölgədəki əvvəlki hesablamalarını dəyişdirə bilər.
İsrail mətbuatında Türkiyənin birbaşa düşmən kimi deyil, bölgədə güclü və qarşıdurma yaşayan aktor kimi qiymətləndirilməsinə dair fikirlərin də səsləndiyi qeyd olunub.
Təhlillərdə həmçinin İsrailin eyni vaxtda bir neçə cəbhədə təzyiqlə üzləşdiyi, Suriya istiqamətindəki dəyişikliklərin isə Təl-Əvivin regional mövqeyini daha da çətinləşdirdiyi bildirilib.