BAKI,VOA,Yusif Şərifzadə
Qətər İranın İordaniya və Küveytə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Doha bu hücumları hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması, həmçinin beynəlxalq hüquq və BMT Nizamnaməsinin pozuntusu kimi qiymətləndirib.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, hücumların davam etməsi regionda gərginliyin daha da artmasına səbəb ola və vəziyyətin diplomatik yollarla həlli istiqamətində göstərilən səyləri zəiflədə bilər.
Nazirlik bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, tərəflərin dialoq və danışıqlar masasına qayıtmasına çağırıb.
"Bütün bu hücumların davam etməsi gərginliyin qarşısının alınması səylərini çətinləşdirən və regionda təhlükəsizliklə sabitliyin təmin olunmasına yönəlmiş siyasi və diplomatik təşəbbüsləri sarsıdan təhlükəli eskalasiyadır", – deyə bəyanatda qeyd olunub.
Qətər eyni zamanda İordaniya və Küveytlə tam həmrəy olduğunu vurğulayıb və bu ölkələrin suverenliyini, təhlükəsizliyini qorumaq məqsədilə atdıqları addımları dəstəklədiyini bəyan edib.
İran tərəfi Qətərin bəyanatı ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.