BAKI,VOA, Fərid Mikayılov
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-ın Əl-Əzraq hərbi hava bazasına bir neçə ballistik raketlə zərbə endirdiyini açıqlayıb.
VOA xəbər verir ki, hücum zamanı Aerokosmik Qüvvələr bazada F-35 qırıcı təyyarələrinin saxlanıldığı və texniki xidmət göstərildiyi anqarı hədəfə alıb.
Bəyanatda iddia olunur ki, zərbə nəticəsində üç F-35 qırıcı təyyarəsi tamamilə məhv edilib, daha üç təyyarəyə isə ciddi ziyan dəyib. Həmçinin hücum zamanı bir neçə ABŞ hərbçisinin öldüyü bildirilib.
SEPAH bu əməliyyatın ABŞ-ın İranın Qeşm adasına endirdiyi hücuma cavab olaraq həyata keçirildiyini bəyan edib.
Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 30-da İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz uçuş aparatları infrastrukturu, sahil müşahidə və müdafiə məntəqələri, eləcə də dəniz hərbi imkanları daxil olmaqla onlarla hədəfə zərbələr endirdiyini açıqlayıb.
Xatırladaq ki, ABŞ və İran arasında növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ İran ərazisinə zərbələr endirib, Prezident Donald Tramp isə Vaşinqton və Tehran arasında qüvvədə olan atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Bundan sonra İran regiondakı ABŞ hərbi obyektlərinə qarşı raket hücumları həyata keçirməyə başladığını açıqlayıb.
Qeyd: Məqalədə yer alan F-35 təyyarələrinin məhv edilməsi və ABŞ hərbçilərinin həlak olması ilə bağlı məlumatlar SEPAH-ın iddialarıdır. ABŞ tərəfi bu iddiaları təsdiqləməyib.