BAKI,VOA, Fərid Mikayılov
Çin hökuməti İrana yaxın həftələrdə Çin istehsalı olan təxminən 400 ədəd çiyindən buraxılan hava hücumundan müdafiə raket sistemi göndərəcəyi ilə bağlı yayılan iddiaları təkzib edib.
VOA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirdiyi gündəlik mətbuat konfransında bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.
"Sözügedən xəbərlər doğru deyil və heç bir real əsası yoxdur", – deyə Mao Nin vurğulayıb. O əlavə edib ki, Çin hər zaman sülhün bərqərar olunmasını və münaqişələrin başa çatmasını dəstəkləyir.
Bundan əvvəl Pakistan da sözügedən silah sistemlərinin öz ərazisi vasitəsilə İrana tranzit daşınacağına dair məlumatları qəti şəkildə təkzib etmişdi.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) açıqlamasında bu iddiaların tamamilə əsassız olduğu bildirilib və belə xəbərlərin qətiyyətlə rədd edildiyi qeyd olunub.
Xarici mətbuatda Çin istehsalı olan təxminən 400 ədəd çiyindən buraxılan hava hücumundan müdafiə raket sisteminin Pakistan üzərindən İrana çatdırılacağı və ilk partiyanın yaxın həftələrdə təhvil veriləcəyinə dair məlumatlar yayılmışdı.