BAKI,VOA,Yusif Şərifzadə
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin raket hücumu nəticəsində üç əməkdaşının həlak olduğunu açıqlayıb.
VOA xəbər verir ki, yarırəsmi Tasnim agentliyinin yaydığı SEPAH bəyanatında Zəncan vilayətində fəaliyyət göstərən "Ənsar əl-Məhdi" birliyinin üç üzvünün iyulun 30-da öldüyü bildirilib.
Bəyanatda həlak olan şəxslərin Mahmud Mollacabari, Məhəmmədrza Çeraği və Camal Əmiri olduğu qeyd edilib. SEPAH onların "İranın sərhədlərini və xalqını müdafiə edərkən ABŞ-nin cinayətkar terrorçu rejiminin həyata keçirdiyi amansız hücum nəticəsində" öldüyünü iddia edib.
SEPAH hadisə ilə əlaqədar İranın ali rəhbərinə, həlak olanların ailələrinə və İran xalqına başsağlığı verib, eyni zamanda hücumu qəti şəkildə pisləyib.
ABŞ tərəfi isə SEPAH-ın bu iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.