BAKI, VOA Orxan Qədirzadə
İsrail ordusu Livanın cənubunda yerləşən Sur, Mərciyyun, Bint Cübeyl və Nəbətiyyə bölgələrinə hava və quru hücumları həyata keçirib.
Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail aviasiyası Sur şəhəri və ətraf yaşayış məntəqələrinə zərbələr endirib. Hücumlar zamanı bir sıra ərazilərdə yanğınlar baş verib, İsrailə məxsus hərbi sursat qalıqlarının partlaması nəticəsində bir nəfər yaralanıb.
Mərciyyun bölgəsində də artilleriya atəşləri və hərbi texnikanın hərəkəti qeydə alınıb. İsrail qüvvələri bəzi ərazilərdə torpaq sədlər qurub, qazıntı və yandırma işləri aparıb.
Bint Cübeyl bölgəsində Aynata və Beyt Lif yaşayış məntəqələri artilleriya atəşinə tutulub. Nəbətiyyədə isə Zəvtər əş-Şərqiyyə ərazisinə ağır hücum həyata keçirilib. İsrailə məxsus pilotsuz uçuş aparatı Dəvhat Kəfr Rumman yolunda bir avtomobili idarəolunan raketlə vurub. Hadisə nəticəsində avtomobilə ziyan dəyib, ölən olmayıb.
Bundan başqa, İsrail hərbi birliyinin Meyfədun qəsəbəsindəki əş-Şəvvan təpəsinə daxil olaraq yaşayış evlərindən birində mövqe tutduğu bildirilib.
Livan hakimiyyətinin məlumatına görə, İsrailin 2 mart 2026-cı ildən bəri həyata keçirdiyi hücumlar nəticəsində 4 350 nəfər ölüb, 12 307 nəfər yaralanıb və 1 milyondan çox insan didərgin düşüb.