BAKI,VOA,Yusif Şərifzadə
Pakistanın daxili işlər naziri Möhsün Nəqvi Tehrandan qayıtdıqdan sonra İslamabadda ABŞ-nin Pakistandakı səfir vəzifəsini icra edən diplomatı ilə görüşüb. Görüş İran ilə ABŞ arasında gərginliyin azaldılması istiqamətində Pakistanın vasitəçilik səylərinin davam etdiyi bir vaxtda keçirilib.
VOA xəbər verir ki, Pakistan Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, görüş zamanı bölgədəki ümumi vəziyyət, sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.
Möhsün Nəqvi bazar ertəsi Pakistan Silahlı Qüvvələrinin rəhbəri, feldmarşal Asim Muniri Tehrana səfəri zamanı müşayiət edib. Səfər çərçivəsində İran rəsmiləri ilə ABŞ və İran arasında qarşıdurmanın dayandırılması yolları ətrafında danışıqlar aparılıb.
Asim Munir hazırda Vaşinqton və Tehran arasında vasitəçilik səylərində birbaşa iştirak edir. Pakistan tərəfi Tehran danışıqlarının müsbət nəticələr verdiyini bildirir.
“Əhəmiyyətli irəliləyiş əldə edildi və görüş son dərəcə müsbət şəraitdə başa çatdı. Ümid edirik ki, yaranmış bu imkan gələcək irəliləyişə və bölgədə davamlı sülhün təmin edilməsinə yol açacaq”, – Möhsün Nəqvi bildirib.
İran tərəfi də Asim Munirin Tehran səfərini yüksək nəticəli qiymətləndirib.
Tehranın açıqlamasında səfər zamanı “əhəmiyyətli diplomatik nailiyyətlərin” əldə olunduğu bildirilib. Bununla belə, həmin nailiyyətlərin konkret nədən ibarət olduğu açıqlanmayıb.
Pakistanın Tehran danışıqlarından dərhal sonra ABŞ diplomatı ilə təmas qurması İslamabadın Vaşinqton və Tehran arasında vasitəçilik fəaliyyətini davam etdirdiyini göstərir.