ABŞ Dövlət Departamenti Küveytin paytaxtındakı səfirliyinin fəaliyyətini dayandırdığını elan edib və öz vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Yaxın Şərq
Livandakı bütün İran İnqilabı Keşikçiləri Korpusu üzvləri həbs ediləcək. Livanın informasiya naziri Paul Morkos bildirib ki, "ölkədən çıxarılmaq məqsədilə Livanda olan hər bir İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvü həbs ediləcək".
İsrail ordusunun martın 2-dən etibarən Livana qarşı başlatdığı intensiv hücumlar davam edir. Bu gün səhər saatlarından bəri həyata keçirilən hava zərbələri nəticəsində həyatını itirənlərin sayı 12-yə yüksəlib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənub, şərq və şimal bölgələri ağır bombardmanlara məruz qalıb. Hücumların coğrafiyası genişlənməkdədir. Nəbatiyə vilayətinin Şərqi Zavter qəsəbəsində bir ailənin 3 üzvü, Kefur qəsəbəsində isə 2 nəfər həlak olub. Ölkənin cənubundakı Sur şəhərində hərəkətdə olan avtomobilin hədəf alınması nəticəsində 3 nəfər ölüb. Oxşar hadisə şərqi Livanın Zahlə bölgəsində də baş verib; avtomobilə endirilən zərbə 2 nəfərin həyatına son qoyub, daha 2 nəfər isə yaralanıb.
İraqın Süleymaniyə şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində güclü partlayış səsləri qeydə alınıb. Məlumata əsasən, kənddə dörd partlayış səsinin eşidildiyi bildirilir. Hadisənin İrana müxalif kürd qruplarının ailələri ilə birlikdə yaşadığı ərazidə baş verdiyi qeyd olunur.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Ağ Evin mətbuat katibi Karolin Levittin İspaniyanın Yaxın Şərqdə ABŞ ordusu ilə əməkdaşlığa razılıq verməsi barədə dediyi bəyanatların həqiqətə uyğun olmadığını bildirib.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani bildirib ki, İranın Qətər dövlətinə qarşı hücumu heç bir bəhanə və ya əsasla qəbul edilə bilməz.
Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranın hücumlarını qəti şəkildə pisləyib. Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani İranı region ölkələrinə zərər vurmaqda və onları özlərinə aid olmayan müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.
Regional gərginlik fonunda Birləşmiş Ərəb Əmirlikləri hökuməti son vəziyyətlə bağlı ictimaiyyətə məlumat verib. Əbu-Dabidə keçirilən geniş media brifinqində ölkənin təhlükəsizlik, diplomatik və iqtisadi vəziyyətinə dair ən son məlumatlar açıqlanıb. Brifinqdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Turizm Nazirliyi, eləcə də Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri iştirak ediblər.
İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı yaxınlığında çərşənbə günü növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu, son iki gündə sözügedən obyektə edilən ikinci oxşar hücum cəhdidir. Təhlükəsizlik mənbələrinin AFP-yə verdiyi məlumata görə, hadisə nəticəsində tələfat və ya maddi ziyan qeydə alınmayıb. Bağdad hava limanı təkcə mülki uçuşlar üçün deyil, həm də ABŞ-ın diplomatik nümayəndəliyinin və koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya ev sahibliyi etdiyi üçün strateji əhəmiyyət kəsb edir. Çərşənbə axşamı axşam saatlarında da hava limanı yaxınlığında bir dron zərərsizləşdirilmişdi. Bundan bir neçə saat əvvəl isə İraq təhlükəsizlik qüvvələri obyektə doğru yönəldilmiş 9 raket və bir buraxılış qurğusunu ələ keçirdiklərini elan etmişdilər.
Suriya Müdafiə Nazirliyi regional münaqişənin genişlənməsi fonunda Livan və İraqla sərhəd xəttində hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, bu addım sərhədlərin qorunması və nəzarətin artırılması məqsədilə atılıb. Hərbi mənbələrin verdiyi məlumata görə, fevral ayından başlayan, lakin son günlərdə sürətlənən əməliyyat çərçivəsində sərhəd boyu "Qrad" və "Katyuşa" raket sistemləri, zirehli texnika və piyada bölmələri yerləşdirilib. Xüsusilə Homsun qərb kəndləri və Tartusun cənubunda 52-ci və 84-cü diviziyaların mövcudluğu genişləndirilib.
Qətər Dövlət Təhlükəsizlik Xidməti ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan iki mütəşəkkil şəbəkənin zərərsizləşdirildiyini elan edib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) yaydığı məlumata görə, bu şəbəkələr Dohada həssas obyektlərə qarşı kəşfiyyat və təxribat fəaliyyətləri planlaşdırırmış.
İsrail və ABŞ-ın İranın hərbi və təhlükəsizlik rəhbərliyinə qarşı genişmiqyaslı əməliyyatları Tehranla bölgədəki müttəfiqləri arasında ciddi rabitə böhranına yol açıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Fələstin faylı üzrə məsul şəxsləri ilə "HƏMAS" və "İslami Cihad" rəhbərliyi arasında əlaqə tamamilə kəsilib.