BAKI,VOA, Nailə Babazadə
İran Xarici İşlər nazirinin müavini Səid Xətibzadə, Pakistanın paytaxtı İslamabadda ABŞ ilə keçirilməsi planlaşdırılan kritik görüşlərdə İran nümayəndə heyətinə böyük ehtimalla Parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyini açıqlayıb.
VOA xəbər verir ki, BBC-yə danışan diplomat, həmçinin regionun təhlükəsizliyi və yeni ali liderin səhhəti ilə bağlı mühüm bəyanatlar verib.
Xətibzadə atəşkəs prosesinin davamlılığı üçün Vaşinqtonun müttəfiqi İsrailə təzyiq göstərməli olduğunu vurğulayıb. Livanda baş verən son hadisələri "ciddi pozuntu" kimi qiymətləndirən nazir müavini bildirib: "İran, amerikalıların öz müttəfiqləri olan İsrail rejimini atəşkəsə əməl etməyə məcbur etməsini gözləyir. Dünən Livanda baş verənlər hamının şahidi olduğu aşkar bir qanun pozuntusudur".
Qlobal ticarətin strateji nöqtəsi olan Hörmüz Boğazındakı vəziyyətə toxunan Xətibzadə, keçid təhlükəsizliyinin birbaşa Vaşinqtonun davranışlarından asılı olduğunu qeyd edib. O, ABŞ-ın təcavüzkar hərəkətlərini dayandıracağı təqdirdə boğazdan təhlükəsiz keçidin tam təmin olunacağını bəyan edərək, bu məsələdə İranın qətiyyətli mövqeyini ifadə edib.
Müsahibə zamanı İranın yeni ali lideri Ayətullah Seyid Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan iddialara da son qoyulub. Səid Xətibzadə liderin vəzifəsinin başında olduğunu və səhhətinin mükəmməl olduğunu bildirib: "Ayətullah Seyid Müctəba Xameneinin vəziyyəti çox yaxşıdır, sağlığı yerindədir. O, hazırda ofisindədir və hər şey onun tam nəzarəti altındadır".