BAKI,VOA Orxan Qədirzadə
İslandiyada Avropa İttifaqına üzvlük danışıqlarının bərpası ilə bağlı keçirilən referendumun ilkin nəticələrində “hə” tərəfdarları cüzi fərqlə üstünlük qazanıb.
İslandiya İctimai Yayım Korporasiyasının açıqladığı ilkin nəticələrə görə, səslərin təxminən 87 mini hesablandıqdan sonra seçicilərin 51,2 faizi Aİ-yə üzvlük danışıqlarının yenidən başlanmasını dəstəkləyib, 48,8 faizi isə buna qarşı çıxıb.
Referendumda təxminən 273 min seçicinin iştirak etmək hüququ olub. Yekun seçici fəallığı hələ açıqlanmayıb.
İslandiya 2009-cu ildə qlobal maliyyə böhranından sonra Aİ-yə üzvlük üçün müraciət edib. Lakin üzvlük danışıqları 2013-cü ildə avroskeptik hökumətin hakimiyyətə gəlməsindən sonra dayandırılıb və proses 13 ildən artıq müddət ərzində dondurulub.
Referendumda üzvlük danışıqlarının bərpasını dəstəkləyənlər bunun İslandiyaya Aİ-nin üzvlük şərtlərini öyrənmək imkanı verəcəyini bildirirlər. Qarşı tərəf isə ölkənin Avropa İqtisadi Məkanı vasitəsilə artıq Avropanın vahid bazarına geniş çıxış əldə etdiyini və bunun üçün Aİ-yə tam üzvlüyə ehtiyac olmadığını düşünür.
Mümkün danışıqlarda əsas mübahisəli məsələlərdən biri İslandiyanın iqtisadiyyatında mühüm yer tutan balıqçılıq sektoruna nəzarət olacaq. Ölkədə inflyasiya, yüksək faiz dərəcələri və milli valyutanın dəyişkənliyi də referendum kampaniyasının əsas mövzularından olub.
Qeyd edək ki, danışıqların bərpasına səs verilməsi İslandiyanın avtomatik olaraq Aİ-yə üzv olması demək deyil. Əvvəlcə üzvlük üzrə razılaşma əldə edilməli, daha sonra bu razılaşma yeni referendumla xalqın təsdiqinə təqdim olunmalıdır.