BAKI,VOA Analitik Təhlil Mərkəzi
ABŞ-ın paytaxtı Vaşinqtonda bu gün Livan və İsrail arasında yeni danışıqlar raundu keçirilir. ABŞ vasitəçiliyi ilə baş tutan görüşlər İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan cəmi bir gün sonraya təsadüf edir. Son hücumlar nəticəsində azı 22 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. İsrail ordusunun endirdiyi zərbələr Livanın cənubundakı yaşayış məntəqələrini, avtomobilləri və Beyrutla ölkənin cənubunu birləşdirən sahil yolunu hədəfə alıb. Gərginliyin artması ötən ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verir. İsrail ordusu bildirib ki, əməliyyatlar zamanı “Hizbullaha məxsus silah anbarları, raket qurğuları və hərbi infrastruktur” vurulub. Buna cavab olaraq Hizbullah İsrail qüvvələrinin Həddəta yaşayış məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldıqlarını, həmçinin İsrail hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb.
ABŞ Dövlət Departamenti mayın 14-15-də Vaşinqtonda Livan və İsrail hökumətləri arasında intensiv danışıqlar keçiriləcəyini açıqlayıb. Vaşinqton tərəflər arasında “hərtərəfli sülh və təhlükəsizlik razılaşması” əldə olunmasına çalışdığını bildirir. Bu görüşlər aprelin 23-də keçirilmiş əvvəlki danışıqların davamı hesab olunur.
Danışıqlarda kimlər iştirak edir?
Yeni raunda hər iki tərəfdən tanınmış diplomatlar rəhbərlik edir. Livan nümayəndə heyətinə Livanın ABŞ-dakı keçmiş səfiri Simon Karam başçılıq edir. Onu bu vəzifəyə Livan Prezidenti Cozef Aun təyin edib. 76 yaşlı Simon Karam hüquqşünas və keçmiş diplomat kimi tanınır. O, xüsusilə 1990-cı illərdən etibarən Livanda Suriya təsirinə qarşı sərt mövqeyi ilə diqqət çəkib. Karam daha əvvəl 2023-cü il atəşkəsinə nəzarət edən beştərəfli komissiyada Livanın mülki nümayəndə heyətinin rəhbəri olub.
İsrail nümayəndə heyətinə isə İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter rəhbərlik edir. O, İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın müttəfiqlərindən biri hesab olunur və hakim “Likud” partiyası ilə əlaqələndirilir. Amerikanın CNN televiziya kanalının məlumatına görə, İsrail nümayəndə heyətinə milli təhlükəsizlik müşavirinin müavini də daxil edilib. Tərəflər yeni raund ərəfəsində nümayəndə heyətlərini genişləndiriblər.
Birinci raund ötən ilin 14 aprelində Vaşinqtonda keçirilmişdi. Həmin görüşdə Livanı ABŞ-dakı səfir Nada Hammadeh Mouavad, İsraili isə Yexiel Layter təmsil etmişdi.
Livan danışıqlardan nə gözləyir?
Livan Vaşinqton danışıqlarına üç əsas tələblə qatılır: atəşkəsin qorunması, İsrail hücumlarının dayandırılması və İsrail ordusunun Livanın cənubunda nəzarətdə saxladığı ərazilərdən çıxması.
Prezident Cozef Aun ABŞ-ın Livandakı səfiri Michel Issa ilə görüşündə Vaşinqtonu İsrailə təzyiq göstərməyə çağırıb. O, xüsusilə cənub bölgəsində atəşin dayandırılması və yaşayış evlərinin dağıdılmasına son qoyulmasını istəyib. Livanın Baş naziri Nəvaf Salam isə bildirib ki, İsrail qüvvələrinin tam geri çəkilməsi olmadan heç bir razılaşma imzalanmayacaq. Onun sözlərinə görə, Livan İsrailin öz ərazilərində hərbi mövcudluğunu qəbul etməyəcək. Əvvəlki danışıqlarda Beyrut digər məsələlərin müzakirəsinə keçməzdən əvvəl atəşkəsin müddətinin uzadılmasını tələb etmişdi. Livan tərəfi həmçinin İsrailin hücumlarını və yaşayış məntəqələrinin dağıdılmasını dayandırmasını istəyib.
İsrailin əsas tələbi nədir?
İsrail Livanla siyasi prosesin əsas şərti kimi Hizbullahın silahsızlaşdırılmasını göstərir. Təl-Əviv hesab edir ki, şimal sərhədlərinin təhlükəsizliyi təmin olunmadan uzunmüddətli razılaşma mümkün deyil. Baş nazir Benyamin Netanyahu hökumətinin məqsədinin “Hizbullahın hərbi gücünü dağıtmaq” və “nəsillərlə davam edəcək sülh razılaşması” əldə etmək olduğunu bildirib. İsrailin xarici işlər naziri Gideon Sa'ar isə Hizbullahı “Livan və İsrail arasında həll olunmalı əsas problem” adlandırıb.
İsrail mediasının məlumatına görə, siyasi rəhbərlik orduya Livandakı əməliyyatların genişləndirilməsi və quru hücumlarının dərinləşdirilməsi ilə bağlı plan hazırlamağı tapşırıb. İsrail xüsusilə Hizbullahın fiber-optik sistemlə işləyən pilotsuz aparatlarından narahatdır. Bu tip dronların qarşısını almağın çətin olduğu bildirilir. Son aylarda İsrailin “sarı xətt” adlandırdığı təhlükəsizlik zonası da diqqət mərkəzinə çevrilib. Bu zona Livanın cənubunda, sərhədin şimal hissəsində yerləşən və İsrailin nəzarətə almağa çalışdığı əraziləri ifadə edir.
“Əl-Cəzirə” telekanalının peyk görüntüləri və coğrafi məlumatlara əsaslanan araşdırmasına görə, “sarı xətt” adlandırılan ərazi Livanın daxilində 1,2 kilometrlə 12 kilometr arasında dərinliyə malikdir. Təxminən 568 kvadrat kilometr sahəni əhatə edən bu bölgəyə 85 yaşayış məntəqəsi daxildir. İsrail bu əraziləri ilhaq etmək niyyətində olduğunu rəsmi şəkildə açıqlamayıb. ABŞ da İsrailin Livan torpaqlarını işğal etmək istəmədiyini bildirir. Buna baxmayaraq, Beyrut İsrail ordusunun Livan ərazisində qalmasını atəşkəsin pozulması kimi qiymətləndirir və tam geri çəkilmə tələb edir.
Hizbullahın mövqeyi necədir?
Hizbullah İsraillə birbaşa danışıqlara qarşı çıxır və təşkilatın silah məsələsinin danışıqlar mövzusu olmadığını bildirir. Təşkilatın baş katibi Nəim Qasim Vaşinqton görüşləri ərəfəsində tərəfdarlarına müraciətində deyib ki, “Livan daxilində silah, müqavimət və dövlət məsələləri xarici müdaxilə predmeti ola bilməz”. Nəim Qasım dolayı danışıqlara üstünlük verdiyini bildirib və birbaşa təmasların İsrailə “qarşılıqsız üstünlük” qazandırdığını iddia edib. O, daha əvvəlki çıxışlarında da İsraillə birbaşa danışıqları “mənasız addım” adlandırmışdı. Hizbullah eyni zamanda Livanın cənubunda İsrail qüvvələrinə qarşı raket və pilotsuz aparat hücumlarını davam etdirir. Təşkilat bunu İsrailin atəşkəsi pozmasına cavab kimi izah edir.
Danışıqlardan sonra nə baş verə bilər?
Analitiklərin fikrincə, Vaşinqtondakı bu raundun yekun sülh sazişi ilə nəticələnməsi real görünmür. Daha çox atəşkəsin uzadılması, ilkin təhlükəsizlik razılaşmaları və açıq qalan məsələlərin müzakirəsi üçün yeni mexanizmlərin yaradılması gözlənilir. ABŞ Dövlət Departamenti danışıqların “hərtərəfli sülh və təhlükəsizlik razılaşmasına doğru addım” olduğunu bildirsə də, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılığı qalır.
Analitiklər hesab edir ki, İsrail Vaşinqton danışıqları ərəfəsində Livanın cənubunda əməliyyatları genişləndirərək gələcək danışıqlarda üstün mövqe əldə etməyə çalışır. Bu strategiyanın əsas məqsədinin “sarı xətt” adlandırılan zonada mövcud vəziyyəti qorumaq olduğu bildirilir.
Gərginlik necə başladı?
Hazırkı qarşıdurma fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra daha da genişlənib. Martın 2-də Hizbullah İsrail istiqamətində raket zərbələri endirib. Təşkilat bunu ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına cavab kimi təqdim edib. Həmin hücumlar nəticəsində İranın ali dini lideri Ali Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilirdi. Bundan sonra İsrail Livanın cənubunda genişmiqyaslı hava hücumlarına və quru əməliyyatlarına başlayıb. Nəticədə bir milyondan çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Aprelin 14-də Vaşinqton Livan və İsrail arasında ilk danışıqlar raunduna ev sahibliyi edib. Daha sonra ABŞ Dövlət Departamenti aprelin 16-da tərəflər arasında 10 günlük “düşmənçiliyin dayandırılması” barədə açıqlama yayıb. Aprelin 23-də keçirilən ikinci raund zamanı Livan atəşkəsin müddətinin uzadılmasına çalışıb. Bundan sonra ABŞ Prezidenti Donald Trump atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb. Hazırkı razılaşmanın müddəti mayın 17-də başa çatır.
Buna baxmayaraq, atəşkəs hələ də kövrək olaraq qalır. İsrail Livanın cənubunda hava zərbələri və yaşayış məntəqələrinin dağıdılmasını davam etdirir, Hizbullah isə İsrail qüvvələrinə hücumlarını dayandırmır.