Pakistanın Baş naziri Şahbaz Şərif Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikasının qlobal bir sülh sazişi imzaladıqlarını rəsmən elan edib.Şahbaz Şərif özünün "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında etdiyi paylaşımda bu mühüm bəndləri qeyd edib: "Hər iki tərəf Livan da daxil olmaqla, tamamilə bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığını bəyan edir".
#Livan atəşkəsi
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Livandakı Hizbullah hərəkatına dəstəyinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, Pakistanın vasitəçilik etdiyi danışıqlar zamanı İran mümkün razılaşmaların Livanda atəşkəsin təmin olunması ilə əlaqələndirilməsini tələb edib. Tehran bu mövqenin gələcək mərhələlərdə də gündəmdə qalacağını vurğulayır.
ABŞ-ın paytaxtı Vaşinqtonda bu gün Livan və İsrail arasında yeni danışıqlar raundu keçirilir. ABŞ vasitəçiliyi ilə baş tutan görüşlər İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan cəmi bir gün sonraya təsadüf edir. Son hücumlar nəticəsində azı 22 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. İsrail ordusunun endirdiyi zərbələr Livanın cənubundakı yaşayış məntəqələrini, avtomobilləri və Beyrutla ölkənin cənubunu birləşdirən sahil yolunu hədəfə alıb. Gərginliyin artması ötən ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verir. İsrail ordusu bildirib ki, əməliyyatlar zamanı “Hizbullaha məxsus silah anbarları, raket qurğuları və hərbi infrastruktur” vurulub. Buna cavab olaraq Hizbullah İsrail qüvvələrinin Həddəta yaşayış məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldıqlarını, həmçinin İsrail hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb.
“Save the Children” təşkilatı bildirib ki, İsrail və “Hizbullah” arasında elan olunan atəşkəsə baxmayaraq, Livanda hər gün orta hesabla dörd uşaq öldürülür və ya yaralanır. Təşkilat mülki əhaliyə qarşı hücumların davam etdiyini vurğulayaraq daimi və pozulmaz atəşkəsə çağırıb.