#İsrail-Livan münaqişəsi

ABŞ-ın paytaxtı Vaşinqtonda bu gün Livan və İsrail arasında yeni danışıqlar raundu keçirilir. ABŞ vasitəçiliyi ilə baş tutan görüşlər İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan cəmi bir gün sonraya təsadüf edir. Son hücumlar nəticəsində azı 22 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. İsrail ordusunun endirdiyi zərbələr Livanın cənubundakı yaşayış məntəqələrini, avtomobilləri və Beyrutla ölkənin cənubunu birləşdirən sahil yolunu hədəfə alıb. Gərginliyin artması ötən ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verir. İsrail ordusu bildirib ki, əməliyyatlar zamanı “Hizbullaha məxsus silah anbarları, raket qurğuları və hərbi infrastruktur” vurulub. Buna cavab olaraq Hizbullah İsrail qüvvələrinin Həddəta yaşayış məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldıqlarını, həmçinin İsrail hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb.

Livan hökuməti bildirib ki, İsrail hücumlarının intensivləşdiyi martın 2-dən bəri ölkədə azı 2,883 nəfər həlak olub, 8,787 nəfər yaralanıb. Rəsmi məlumata görə, on minlərlə insan sığınacaqlara yerləşdirilib, minlərlə ailə isə məcburi köçkün vəziyyətinə düşüb.