BAKI,VOA Orxan Qədirzadə
Suriyada İsrailin Əbu əl-Zuhur hərbi aerodromuna endirdiyi zərbədən sonra təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələr və reaksiyalar davam edir.
Suriyanın xarici işlər nazirliyindən diplomatik mənbə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin Dəməşqlə müəyyən təhlükəsizlik razılaşmasının əldə olunması barədə iddialarını təkzib edib. İsrail isə zərbəni Suriyada Türkiyənin Hələb yaxınlığındakı hava bazalarında hərbi yerləşmə yaratmasının qarşısını almaqla əsaslandırıb.
Suriya Prezidenti Əhməd əş-Şəraanın atası Hüseyn əş-Şəraa bildirib ki, İsrailin davamlı hücumları Suriyanın sabitliyini və bərpasını hədəf alır. O, Dəməşqin təmkinli mövqeyinin zəiflikdən deyil, beynəlxalq vəziyyət və dövlətin yenidən qurulması ilə bağlı hesablamalardan qaynaqlandığını vurğulayıb.
Sosial şəbəkələrdə suriyalı istifadəçilər də İsrailin mövqeyinə etiraz edərək Dəməşqin milli təhlükəsizliyini qorumaq üçün digər ölkələrlə müdafiə anlaşmaları imzalamaq hüququnun olduğunu bildiriblər.
Analitiklər isə İsrailin Suriyaya qarşı artan təzyiqini bir neçə amillə əlaqələndirirlər. Onların fikrincə, Dəməşqin dövlət quruculuğunda əldə etdiyi irəliləyiş, Suriya-Türkiyə hərbi əlaqələrinin güclənməsi, Netanyahu hökuməti ilə Donald Tramp administrasiyasının Suriya siyasəti arasındakı fərqlər və ABŞ-Türkiyə əməkdaşlığının genişlənməsi İsrail üçün əsas maneələr sırasındadır.