BAKI,VOA Analitik Təhlil Mərkəzi
Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası aralarındakı müharibə fonunda İraq üzərindəki təzyiq rıçaqlarını işə salmaqda davam edirlər. Vaşinqton Bağdad hökuməti ilə əlaqəli bəzi tərəfləri "İran milislərinə maliyyə və əməliyyat dəstəyi verməkdə" ittiham edir, Tehran isə "İraq xalqının müqavimətini və mətanətini" alqışladığını bəyan edir.
Bağdad rəsmi dairələri hazırda hər an ABŞ-ın xüsusi elçisi Tom Barakın gəlişini gözləyir. Bu ərəfədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı İsmail Qaani Bağdada etdiyi səfərdən dərhal sonra mühüm açıqlamalar verib. Bazar ertəsi İran xəbər agentliklərinin yaydığı məlumata görə, Qaani bildirib ki, onun səfəri "İran İslam Respublikası rəhbərliyinin İraq xalqına, onların göstərdiyi həmrəyliyə, həmçinin dini mərcəiyyəyə və rəsmi şəxslərə təşəkkürünü çatdırmaq" məqsədi daşıyıb. Qaani : "Hökumətin qurulması bu torpağın sahiblərinin haqqıdır. İraq digər tərəflərin, xüsusən də bəşəriyyətə düşmən olan cinayətkarların onun işlərinə qarışa bilməyəcəyi qədər böyük dövlətdir. Baş nazirin seçilməsi müstəsna olaraq İraqın qərarı ilə həyata keçirilməlidir".-deyib.
Maliki faktoru və sanksiya düyünü
İranpərəst qruplaşmalar və "Koordinasiya Çərçivəsi" (İtar əl-Tənsiqi) blokuna daxil olan qüvvələr keçmiş baş nazir Nuri əl-Malikini yeni hökumətə rəhbərlik etmək üçün namizəd irəli sürürlər. Lakin Vaşinqton Malikinin bu posta qayıtmasına qəti şəkildə qarşı çıxır. İki gün əvvəl ABŞ Maliyyə Nazirliyi tərəfindən 7 milis komandirinə qarşı sanksiya tətbiq edilməsi "Koordinasiya Çərçivəsi"nin yeni baş nazir seçimi ilə bağlı apardığı danışıqları daha da qəlizləşdirib. Sanksiya tətbiq edilən şəxslər İraqdakı ən aqressiv iranpərəst qruplaşmaların — "Hizbullah Briqadaları", "Seyyid əş-Şühəda Briqadaları", "Nücəba Hərəkatı" və "Əsayib Əhlül-Həqq"in liderləridir.
Dolların dondurulması və neft gəlirləri şərti
Mənbələrin verdiyi məlumata görə, Vaşinqton milislərin təsiri altında olan bir hökumətin qurulmasının qarşısını almaq üçün daha sərt tədbirlərə əl ata biləcəyinə dair siqnallar verib. Bura dolların İrana sızmasını asanlaşdıran tərəflərin cəzalandırılması və nağd pul axınına qoyulan məhdudiyyətlərin sərtləşdirilməsi daxildir.
Bazar ertəsi yayılan bəzi media hesabatlarında qeyd olunub ki, ABŞ yeni hökumət qurulana qədər İraq Mərkəzi Bankına dollar transferlərini dayandırmaq qərarına gəlib. Bildirilir ki, ABŞ İraqın neft satışından əldə etdiyi dollar vəsaitlərini vermək üçün "İranpərəst olmayan hökumətin qurulması" şərtini irəli sürüb. Bağdaddakı bəzi media mənbələri isə qeyd edir ki, əgər bu xəbərlər doğrudursa, ABŞ-ın qərarının arxasında təhlükəsizlik qayğıları da ola bilər; belə ki, pul daşıyan təyyarənin müharibə zamanı atəşə tutulan Bağdad hava limanına enməsi riskli hesab edilir. Təklif olunub ki, vəsaitlər qonşu ölkəyə (İordaniya və ya Küveyt) çatdırılsın və oradan Bağdada daşınsın.
Məlumdur ki, İraqın neft pulları ABŞ Federal Ehtiyat Bankında saxlanılır və nağd şəkildə İraqa göndərilir. İqtisadi müşahidəçilər hesab edir ki, Vaşinqton bu addımı ilə Bağdada təzyiq edərək onu İrandan uzaq bir hökumət qurmağa məcbur etmək istəyir. Həmçinin dolların ölkədən kənara (İrana) qanunsuz yollarla çıxarılmasının qarşısını almaq üçün beynəlxalq standartlara (çirkli pulların yuyulması ilə mübarizə) uyğun daha sərt qaydalar tətbiq edilməsi planlaşdırılır.
ABŞ Səfirliyindən xəbərdarlıq və "4-cü səviyyəli" təhlükə
ABŞ-ın Bağdaddakı səfirliyi bazar ertəsi öz vətəndaşlarına məkrar xəbərdarlıq edərək İraqda təhlükəsizlik risklərinin davam etdiyini bildirib. Səfirlik "hökumətlə əlaqəli bəzi dairələri" İran milislərinə siyasi, maliyyə və əməliyyat "çətiri" təmin etməkdə ittiham edib. Səfirlik qeyd edib ki, hava məkanı yenidən açılsa da, raket və PUA hücumları təhlükəsi hələ də qalmaqdadır. Xatırladaq ki, İraq hava məkanı ABŞ-İsrail və İran arasındakı müharibə səbəbindən 40 günə yaxın bağlı qalmışdı.
Səfirlik həmçinin iranpərəst qrupların ABŞ vətəndaşlarına və obyektlərinə (o cümədən Kürdüstan bölgəsinə) qarşı yeni hücumlar planlaşdırdığını iddia edib. Kürdüstan hökumətinin başçısı Məsrur Barzani də bir neçə gün əvvəl qərbli müttəfiqlərindən hücumları dəf etmək üçün silah yardımı istəmişdi. Səfirlik öz vətəndaşlarına İraqa heç bir səbəblə səfər etməməyi ("Səviyyə 4") və ölkədə olanların dərhal oranı tərk etməsini tövsiyə edib. Hazırda bütün vizalar və konsulluq xidmətləri dayandırılıb.
İraqda həm siyasi, həm də xalq səviyyəsində belə bir fikir formalaşıb ki, Bağdad artıq Tehran və Vaşinqton arasındakı danışıqlar və qarşılıqlı təzyiqlər üçün "paralel meydan"a çevrilib. Keçmiş diplomat Qazi Feysəl "Əş-Şərq Əl-Övsat"a bildirib ki, Tom Brak və İsmail Qaaninin Bağdad səfərlərini müqayisə etmək çətindir; çünki ABŞ elçisi açıq bir gündəmlə gələrək Vaşinqtonun hədəflərini (xüsusən nazir postlarına terrorçu qruplaşma üzvlərinin gətirilməməsini) diktə etmək üçün diplomatik təzyiq göstərir. Qaani isə İranın regiondakı geniş nüfuzunu və hakimiyyətini nümayiş etdirməyə çalışır. İraqın gələcəyi birmənalı olaraq Vaşinqton və Tehran arasındakı bu "böyük qarşıdurmanın" nəticələrindən asılıdır.