BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın İordaniyada həyata keçirdiyi hücum zamanı ABŞ müdafiəsini müəyyən qədər aşa bildiyini etiraf edib. O, ABŞ ordusunun İranın hərbi imkanlarını zəiflətməyə davam etdiyini bildirib.
VOA xəbər verir ki, Donald Tramp Livan Prezidenti Cozef Aunla Ağ Evdə görüşü zamanı ABŞ ordusunun İranın hərbi imkanlarını “heç kimin mümkün hesab etmədiyi səviyyədə zəiflətdiyini” deyib.
ABŞ prezidenti bildirib ki, İran İordaniyada həyata keçirilən hücum zamanı müəyyən imkan əldə edib. “Onlar İordaniyada nəyisə keçirməyi bacardılar və əgər başqa operatorlarımız olsaydı, təəssüf ki, bu baş verməzdi”, - deyə Tramp qeyd edib.
Tramp bu ifadədə hansı “digər operatorları” nəzərdə tutduğunu açıqlamayıb.
ABŞ ordusu ötən həftə İordaniyada İranın raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində iki hərbçinin öldüyünü, dörd hərbçinin isə tibbi təxliyə edildiyini açıqlamışdı.
Hadisə ABŞ və İran arasında davam edən hərbi qarşıdurma fonunda baş verib. Vaşinqton Tehranı regiondakı ABŞ qüvvələrinə qarşı hücumlarda ittiham edir, İran isə hərəkətlərinin ABŞ zərbələrinə cavab olduğunu bildirir.