BAKI,VOA,Yusif Şərifzadə
İran ordusu İordaniyada yerləşən bir neçə hərbi obyektə zərbələr endirdiyini və əməliyyat nəticəsində ciddi ziyanın vurulduğunu iddia edib.
VOA xəbər verir ki, İran ordusunun yaydığı bəyanatda Hüseyn şahzadə Həsən və Kral Feysəl hərbi bazalarında yerləşən "F-15" tipli döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının hazırlanması üçün istifadə edilən infrastrukturun, eləcə də helikopterlərin saxlanıldığı obyektlərin hədəfə alındığı bildirilib.
İranın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, hücum nəticəsində səkkiz ədəd "MQ-9" tipli pilotsuz uçuş aparatının məhv edildiyi, daha iki aparatın isə ciddi zədələndiyi iddia olunur.
Bəyanatda həmçinin helikopterlərin saxlanıldığı obyektə endirilən zərbə nəticəsində ABŞ-yə məxsus iki helikopterin zədələndiyi irəli sürülüb.
İran tərəfi əməliyyatın nəticələrini uğurlu qiymətləndirsə də, bu iddialarla bağlı müstəqil təsdiq hələlik açıqlanmayıb.
İordaniya və ABŞ rəsmiləri isə məlumatla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Bölgədə gərginliyin davam etdiyi bir vaxtda bu cür qarşılıqlı ittihamlar Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları daha da artırır.