#SEPAH

SEPAH sözçüsü Hüseyn Mohebbi İrana mümkün hücumla bağlı ABŞ-yə xəbərdarlıq edib. O bildirib ki, İranın infrastrukturu vurularsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri və həyati maraqları hədəfə alına bilər. Mohebbi konkret hədəflərin adlarını açıqlamayıb. SEPAH rəsmisi ABŞ-nin Hörmüz boğazı ilə bağlı məqsədlərinin baş tutmadığını iddia edib. O, İranın silah istehsalının davam etdiyini də bildirib. Mohebbinin sözlərinə görə, İranın hərbi ehtiyatlarının məhdud olması barədə təsəvvürlər doğru deyil. İranın ağıllı və idarəolunan raketlərinin istehsalının davam etdiyi bildirilir. Açıqlama Hörmüz boğazı və ABŞ–İran münasibətlərində gərginliyin yüksək olduğu bir vaxtda verilib.

SEPAH sözçüsü Hüseyn Mohebbi İranın raket istehsalının davam etdiyini açıqlayıb. O, ölkənin raket imkanlarının davamlı olduğunu bildirib. Mohebbi İranın raket ehtiyatlarının müharibə zamanı tükənəcəyinə dair gözləntilərin doğrulmadığını iddia edib. SEPAH rəsmisinin sözlərinə görə, ABŞ hazırda İrana qarşı iqtisadi təzyiqə daha çox üstünlük verir. O, bunu İranın hərbi imkanlarının qorunub saxlanılması ilə əlaqələndirib. Mohebbi İranın silah istehsalı və inkişafını dayandırmadığını bildirib. SEPAH mümkün yeni qarşıdurmada daha təkmil raketlərdən istifadə edilə biləcəyini də iddia edir. İran tərəfinin raket istehsalının miqyası ilə bağlı açıqladığı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

İran SEPAH-ının baş komandanı, general-mayor Əhməd Vahidi ölkəyə qarşı təhdidlərin davam edəcəyini və İranın müdafiə və hücum imkanlarını gücləndirməli olduğunu bildirib. SEPAH komandanı bildirib ki, müdafiə və hücum gücünün artırılması strategiyasının davam etdirilməsi həm mövcud, həm də gələcək təhdidlərin qarşısının alınması üçün ən effektiv yoldur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Mustafa İzədi Hörmüz boğazının İran qüvvələrinin nəzarətində olduğunu bildirib. O, qarşı tərəfin hazırda aciz vəziyyətdə olduğunu iddia edib. İzədi İranı zəiflətmək məqsədilə göstərilən səylərin nəticə vermədiyini söyləyib. Onun sözlərinə görə, İran hərbi təzyiqlərə baxmayaraq mövqelərini qoruyub. Açıqlama Hörmüz boğazı ətrafında hərbi və siyasi gərginliyin davam etdiyi bir vaxtda verilib. Tehran son günlər diplomatik səylər uğursuz olacağı halda daha sərt addımlar ata biləcəyini bildirib. Hörmüz boğazına nəzarət məsələsi İranla ABŞ arasındakı qarşıdurmanın əsas mövzularından biri olaraq qalır. Bölgədəki vəziyyət dünya enerji daşımaları baxımından da xüsusi əhəmiyyət daşıyır.

SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İraqa səfər edib. Məlumata görə, o, Bağdadda siyasi və təhlükəsizlik rəsmiləri, eləcə də şiə silahlı qruplarının rəhbərləri ilə görüşüb. Görüşlərdə İraq hökumətinin silahlı qrupları tərksilah etmək planı müzakirə olunub. Mənbə İranın hazırda silahların təhvil verilməsinə qarşı olduğunu iddia edib. Tehran tərəfinin siyasi razılaşma yolu ilə həll axtardığı bildirilib.

ABŞ Maliyyə Nazirliyi SEPAH-la əlaqəli olduğu iddia edilən İraqın Fly Baghdad aviaşirkətinə və bir neçə təyyarəyə tətbiq olunan terrorizmlə mübarizə sanksiyalarını ləğv edib. Eyni zamanda, SEPAH və ya sözügedən aviaşirkətlə əlaqələndirilən iki İraq vətəndaşı da sanksiyalar siyahısından çıxarılıb. Rəsmi Vaşinqton qərarın səbəblərini açıqlamayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media orqanı ABŞ-nin hərbi təhdidləri davam etdiyi müddətdə İranın heç bir razılaşma imzalamayacağını bəyan edib. Adı açıqlanmayan rəsmiyə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan danışıqlarda yekun razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-nin müdaxiləsi və Vaşinqtonun təhdidləridir.

Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu hesab edir ki, İran–ABŞ qarşıdurması yeni mərhələyə keçərək İranın ərəb və ümumilikdə İslam dünyası ilə üz-üzə qoyulması ssenarisinə doğru inkişaf edir. Onun sözlərinə görə, ABŞ ilə aparılan mümkün danışıqların taleyi İran prezidentindən deyil, Ali Rəhbər Əli Xamenei və SEPAH rəhbərliyinin qərarlarından asılıdır. Ekspert həmçinin Tehranın ABŞ ilə danışıqlar aparmasını, lakin digər ölkələrin İsraillə təmaslarını tənqid etməsini İranın xarici siyasətində ikili standartların göstəricisi kimi qiymətləndirir.

SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi İranın şimal-qərbində yerləşən qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Həmzə Seyyid əş-Şühəda qərargahının qüvvələri regiondankənar düşmənlər və terror qruplarının mümkün addımlarına qarşı hazırdır. Komandan kəşfiyyat imkanları, müasir texnologiyalar və əməliyyat hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb. O, istənilən təhdidə qəti cavab veriləcəyini bəyan edib. Açıqlama Məhəmməd Kərəminin X sosial şəbəkəsindəki paylaşımında yer alıb. İran rəsmisi ölkənin müdafiə hazırlığının davam etdiyini bildirib.

İran mediası Hörmüz boğazı üzərində ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri ABŞ-a məxsus MQ-9 tipli PUA-nı aşkar edərək vurub.