BAKI,VOA Analitik Təhlil Mərkəzi
Cəmi bir gündən az davam edən danışıqlar, üç dəqiqəni keçməyən qısa bir mətbuat konfransı ilə və heç bir ciddi irəliləyiş olmadan başa çatdı. Şənbə günü günortadan sonra başlayan ABŞ-İran müzakirələri bütün gecə boyu, təxminən 21 saat davam etdi. C.D. Vens İslamabadda jurnalistlərin qarşısına çıxanda Pakistan paytaxtında artıq günəş doğmuşdu. ABŞ vitse-prezidenti bildirdi: "Razılığa gələ bilmədik. Qırmızı xətlərimizin nə olduğunu çox aydın şəkildə izah etdik... Onlar isə şərtlərimizi qəbul etməməyi seçdilər".
İran tərəfində də əhval-ruhiyyə eyni dərəcədə bədbin idi. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai danışıqların "etibarsızlıq və şübhə" mühitində keçdiyini dedi. İranın rəsmi mediası razılaşmanın əldə olunmamasında Amerikanın "yerinə yetirilməsi qeyri-mümkün olan tələblərini" ittiham etdi. Hər iki nümayəndə heyətinin rəhbəri yeni raund üçün tarix təyin etmədən ölkələrinə qayıtdılar.
Lakin bir sammitin uğursuzluğu diplomatiyanın tamamilə bitməsi demək deyil. Danışıqlar üçün hələ də fürsət var, çünki tərəflərin aprelin 8-də elan etdiyi atəşkəs iki həftə davam etməlidir və qarşılıqlı razılaşma ilə uzadıla bilər. Vens danışıqlar qapısının tamamilə bağlandığı təəssüratını yaratsa da, "son təklif" təqdim edib geri çəkilmək özü də bir danışıq taktikasıdır. Lakin İslamabad müzakirələrinin nəticəsi, hər iki tərəfin qələbəyə yaxın olduğunu düşündüyü bir müharibəni bitirməyin nə qədər çətin olduğunu ortaya qoyur.
Buna baxmayaraq, nikbinlik üçün bəzi əlamətlər də var idi. Bu, 1979-cu il İslam İnqilabından bəri ABŞ və İran arasında keçirilən ən yüksək səviyyəli danışıqlardır. İranlılar nümayəndə heyətinə Yaxın Şərq müharibələrinə şübhə ilə yanaşan və prezidentliyə can atan Vensin rəhbərlik etməsindən məmnun idilər, çünki onun razılaşma əldə etməyə daha həvəsli olacağına ümid edirdilər. Onun qarşısında isə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf oturmuşdu - bu vəzifə onun real təsir gücünü tam əks etdirmir, çünki o, hakimiyyətdə qalan ən güclü şəxslərdən biri hesab olunur.
Diplomatlar bildirirlər ki, danışıqlar ciddi və gərgin keçib, sızmalar isə çox məhdud olub. Hər tərəf detalları müzakirə etmək üçün ekspert qrupları gətirmişdi ki, bu da Trampın Yaxın Şərq elçisi Stiv Vitkoffun mürəkkəb nüvə fayllarını bilikdən çox bədahətən həll etməyə çalışdığı əvvəlki dövrlərdən müsbət fərqlənirdi.
Görüşdən bir neçə gün əvvəl İran hədələmişdi ki, əgər atəşkəs İsrailin Livandakı müharibəsini dayandırmasa, ümumiyyətlə iştirak etməyəcək. ABŞ İsraildən oradakı hava hücumlarını məhdudlaşdırmağı xahiş etsə də, müharibəni tam dayandırmadı. Nəticədə Livan mövzusu danışıqlarda mərkəzi yer tutmadı. Müzakirələrlə tanış olan diplomatlar deyirlər ki, diqqət üç əsas fayla yönəlib: Pullar, Gəmilər və Uran.
Vens eyham vurdu ki, nüvə faylı razılaşmanı boşan əsas düyün nöqtəsi olub. O dedi: "Onlardan nüvə silahına can atmayacaqlarına və sürətlə nüvə silahı əldə etməyə imkan verən vasitələrə sahib olmayacaqlarına dair aydın öhdəlik tələb edirik". O, bundan artıq izahat vermədi. Lakin ABŞ əvvəlki raundlarda təkid etmişdi ki, İran yalnız 400 kiloqramdan çox olan yüksək zənginləşdirilmiş uran ehtiyatından deyil, həm də ümumiyyətlə uran zənginləşdirmə hüququndan imtina etsin. İran bu tələbi dəfələrlə rədd edib.
Onsuz da tərəflərin bu ixtilafı bir görüşdə, yaxud iki həftə ərzində həll etməsi real görünmürdü. ABŞ və İranın keçən onillikdə nüvə sazişi üçün apardığı danışıqlar tam iki il çəkmişdi. Ehtimal ki, bu müzakirələr ən azı üç əsas məsələdən ikisini əhatə edən keçid razılaşmasına gətirib çıxaracaq və tərəflərə danışıqları davam etdirmək üçün daha çox vaxt qazandıracaq.
Bu razılaşmaya görə, İran Hörmüz boğazı üzərindəki nəzarətindən və bəlkə də hərbi məqsədlər üçün istifadə oluna biləcək uran ehtiyatından vaz keçməli olacaq. Bunun müqabilində isə ABŞ iqtisadi stimullar təklif etməli, bəlkə də sanksiyalar səbəbindən xarici banklarda dondurulmuş milyardlarla dollarlıq neft gəlirlərini sərbəst buraxmalıdır.
Problem addımların ardıcıllığı ilə bağlıdır. Bu, uran faylında özünü aydın göstərir. İran buna müvəqqəti həll yolu üçün deyil, hərtərəfli razılaşma üçün ödəniləcək qiymətli bir təzyiq kartı kimi baxır. Amerikalılar isə bu məsələnin aylarla uzana biləcək danışıqlar boyu İranın əlində qalmasından qorxaraq, onu sürətlə həll etməyə üstünlük verirlər.
Hər tərəf digərinin nəticədə boyun əyəcəyini gözləyir. İranlılar inanırlar ki, altı həftəlik ağır bombardmanlara tab gətirdikdən və eyni zamanda qlobal iqtisadiyyata ciddi zərər vurduqdan sonra təşəbbüsü əllərində saxlayırlar. Onlar zaman amilini müttəfiq hesab edirlər. Onların fikrincə, Tramp müharibədən bezib və yüksək enerji qiymətlərinin noyabrda keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasını çətinliyə salmasından qorxaraq onu bitirməyə tələsir.
ABŞ isə mənzərəyə tamamilə fərqli bucaqdan baxır. Müharibə əsas hədəflərinə tam çatmasa da, İran rəhbərliyinə, silahlı qüvvələrinə və iqtisadiyyatına ağır zərbələr vurub. Növbəti mərhələnin daha ağrılı olacağı ehtimal edilir. Tramp ən qorxulu təhdidlərini icra etməsə belə, ABŞ və İsrail infrastruktur və iqtisadi hədəflərə hücumları kəskinləşdirə bilər.
Risk ondadır ki, tərəflər bir-birini səhv başa düşsünlər. İran Trampın müharibəni yenidən alovlandırmaq hazırlığını küçümsəyərək, yeni bir döyüş raunduna tab gətirə biləcəyini düşünə bilər. Halbuki, Tramp diplomatiya iflasa uğrayanda artıq iki dəfə İrana zərbə endirmək təhdidini icra edib. Bir ərəb diplomatı deyir ki, "hazırda İranın mövqeyində böyük bir təkəbbür hökm sürür".
Trampın bu dəfəki təhdidləri də eyni dərəcədə ciddi görünür. Pentaqon artıq bölgəyə minlərlə dəniz piyadası göndərib, əlavə qüvvələr isə yoldadır. Üçüncü bir aviadaşıyıcı Atlantik okeanını, bir amfibiya hücum qrupu isə Sakit okeanı keçməkdədir. Onların atəşkəs bitməmiş çatacağı gözlənilir. Şənbə günü iki ABŞ esminesi Hörmüz boğazını keçdi — bu, müharibə başlayandan bəri ABŞ hərbi gəmilərinin boğazdan ilk keçididir. Pentaqon bunun su yolunun İran minalarından təmizlənməsi əməliyyatının başlanğıcı olduğunu bildirdi.
İran atəşkəs dövründə boğazı açacağına söz versə də, o, hələ də böyük ölçüdə bağlı qalır. Şənbə günü cəmi üç neft tankeri keçə bildi. Lakin ertəsi gün səhər digər iki tanker Körfəzə daxil olmağa çalışarkən SEPAH onlara irəliləməmək barədə xəbərdarlıq etdi.
Danışıqlar bitdikdən sonra Tramp sosial şəbəkələrdə ABŞ-ı boğazda öz blokadasını tətbiq etməyə çağıran bir məqalə paylaşdı. İran hələ də müharibədən əvvəlki qədər, bəlkə də daha çox nefti daha baha qiymətə ixrac edir. Bəzi Körfəz rəsmiləri Trampı İran gəmilərini ələ keçirməyə başlayaraq buna son qoymağa çağırıblar. Razılaşma şansı hələ də qalır, lakin müharibənin genişlənməsi və bununla bərabər enerji bazarlarında xaosun yaranması ehtimalı da eyni dərəcədə realdır.