BAKI,VOA, Fərid Mikayılov
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai ölkəsinə qarşı ehtimal edilən yeni hücumlar fonunda Avropadakı ABŞ bazalarının hədəf alına biləcəyi ilə bağlı iddialara cavab verərək, təcavüzün mənbəyini vurmağın Tehranın "qanuni haqqı" olduğunu bildirib.
VOA xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Bəqai keçirdiyi haftəlik mətbuat konfransında gündəmdəki sualları cavablandırıb.
Bulqarıstanın ABŞ və İsrailin İrana qarşı hərbi addımlarına dəstək verməsinin beynəlxalq hüquqa zidd olduğunu deyən Bəqai, ABŞ-a məxsus bəzi KC-135 tanker təyyarələrinin Bulqarıstandan ayrılması xəbərlərinə diqqət çəkib:
"Bulqarıstan xalqı ilə heç bir problemimiz yoxdur. Lakin bu addım ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünə bir növ dəstək kimi qiymətləndirilirdi", – deyə o qeyd edib.
Sözçü vurğulayıb ki, öz bazalarını, imkanlarını və hərbi texnikasını təcavüzkar tərəflərin qanunsuz əməlləri üçün ayıran ölkələr fərqli vəziyyətlə qarşılaşacaqlar. O, İranın varlığını və ərazi bütövlüyünü qorumaq məsələsində güzəştə getməyəcəyini bəyan edib.
ABŞ-ın iqtisadi təzyiqlərini və dəniz blokadasını tənqid edən Bəqai bu addımları "açıq iqtisadi terrorizm" adlandırıb. O, Vaşinqtonun digər dövlətləri İranla ticarəti dayandırmağa məcbur etməsinin azad ticarət prinsiplərinə və suverenliyə zidd olduğunu, bunun bütün ölkələr üçün bir həyəcan təbili sayıldığını vurğulayıb.
Hörmüz boğazından günlük 5-17 milyon barel neft keçdiyi ilə bağlı ABŞ rəsmilərinin iddialarını təkzib edən xarici işlər nazirliyinin rəsmisi, bu rəqəmlərin psixoloji və media müharibəsinin bir hissəsi olduğunu bildirib. O, həmçinin Oman nümayəndə heyətinin Tehrana gözlənilən səfəri çərçivəsində Hormuz boğazının təhlükəsizliyi və dəniz nəqliyyat marşrutlarının müzakirə ediləcəyini diqqətə çatdırıb.
İsrailin Suriyaya hücumlarına da toxunan Bəqai bu əməllərin "Böyük İsrail" layihəsi çərçivəsində region ölkələrini qanunsuz şəkildə dominionluq altına almaq cəhdinin bir hissəsi olduğunu sözlərinə əlavə edib.