BAKI,VOA Orxan Qədirzadə
Türkiyə İsrail Baş nazirlik ofisinin Ankara ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandıraraq, bunun Suriyaya qarşı qanunsuz hava hücumlarını legitimləşdirməyə xidmət etdiyini bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamada İsrailin ittihamlarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, bu iddialar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hava hücumlarına bəraət qazandırmaq məqsədi daşıyır.
Açıqlamada İsrail Baş naziri Binyamin Netanyahunun siyasəti də tənqid olunub. Türkiyə tərəfi İsrailin seçkilər ərəfəsində bölgədə genişlənməyə və sabitliyi pozmağa yönəlmiş siyasətini davam etdirmək niyyətində olduğunu bildirib.
Ankara regional sülhün təmin edilməsinin beynəlxalq hüquqa hörmətdən keçdiyini vurğulayıb. Türkiyə Suriya hökuməti ilə qanuni əsasda əməkdaşlığı davam etdirəcəyini və ölkənin sabitliyinin pozulmasına imkan verməyəcəyini açıqlayıb.
İsrail tərəfi isə Suriyanın Hələb yaxınlığındakı hava bazasına türk hərbçilərinin yerləşdirilməsinə görə status-kvonun pozulmaq üzrə olduğunu iddia edib. İsrail Baş nazirlik ofisi belə bir yerləşdirmənin ölkənin təhlükəsizliyinə təhdid yaradacağını iddia edib.