Yeni peyk görüntüləri İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu Zuhur hərbi hava limanına endirdiyi zərbələrin nəticələrini üzə çıxarıb. Təhlillərə əsasən, obyektə ümumilikdə 5 zərbə endirilib və hava limanının əsas uçuş-enmə zolağı zərər görüb.
“Sentinel-2” peykindən əldə edilən görüntülərin 17 və 19 avqust tarixləri üzrə müqayisəsi nəticəsində uçuş zolağında yanıq izləri və müxtəlif zədələnmələr müəyyən edilib. Zərbələrin hava limanının şərq hissəsində aparılan tikinti və bərpa işlərinə də zərər vurduğu bildirilir.
Hava limanında iyul ayından etibarən genişmiqyaslı yenidənqurma işləri aparılırdı. Peyk görüntüləri əsas uçuş-enmə zolağının, həmçinin anqarların yerləşdiyi ərazilərin hazırlıq və təmir prosesində olduğunu göstərib.
İsrail zərbəni Suriyada mümkün Türkiyə hərbi mövcudluğu ilə əlaqələndirsə də, Suriya rəsmiləri və Türkiyə tərəfi bu iddianı təkzib edib. Suriya xarici işlər naziri Əsəd Şeybani hava limanında türk hərbçilərinin yerləşdirilmədiyini və burada daimi Türkiyə hərbi bazası yaradılması planının olmadığını bildirib. Türkiyə prezident administrasiyası isə İsrailin iddialarını Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz hücumları əsaslandırmaq cəhdi kimi qiymətləndirib.