Rəsmi İsrail Suriyanın şimalındakı İdlib vilayətinin şərq çölündə yerləşən "Əbu əd-Duhur" hərbi aerodromunun uçuş-enmə zolağının bombalanması ilə bağlı Suriya tərəfinin irəli sürdüyü ittihamlar qarşısında sükutunu qoruyub. Lakin bir israilli rəsmi ABŞ-nin "Fox News" telekanalına verdiyi qısa açıqlamada zərbəni etiraf edərək Təl-Əvivin hücumla bağlı məlumatı əvvəlcədən Vaşinqtonla bölüşdüyünü bildirib.
Türkiyə İsrailin Suriyadakı hərbi hava limanına zərbələrini kəskin pisləyib
İsraildə ABŞ-yə yönəlmiş gözlənilməz qeyri-rəsmi etiraf kimi qiymətləndirilən açıqlamada həmin rəsmi belə deyib: "Müxtəlif qurumlar və idarələrin ən yüksək səviyyələrində son dərəcə həssas kəşfiyyat məlumatları əvvəlcədən ABŞ ilə bölüşülüb". O əlavə edib ki, Suriya Prezidenti Əhməd əş-Şəraa "proksi qüvvələri saxlayan əvvəlki Suriya rejimi kimi fəaliyyət göstərə bilməyəcəyini başa düşür. Çox güman ki, o, nə baş verdiyini anlamırdı və ya bundan xəbərsiz idi".
Rəsmi şəxs kəşfiyyat məlumatlarının olduqca məxfi xarakter daşıdığını əsas gətirərək "Fox News"a əlavə təfərrüat verməkdən imtina edib.
Dərhal bütün İsrail mediası bu bəyanatı manşetlərə çıxararaq zərbənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanmış bir mesaj olduğunu vurğulayıb.
Məlumdur ki, İsrail hər hansı bir hadisəni rəsmi şəkildə etiraf etmək istəmədikdə, lakin onun məsuliyyətini dolayı yolla öz üzərinə götürmək niyyətində olduqda, məlumatları xarici KİV-ə sızdırır, daha sonra isə bu xəbər İsrail daxilində təhlillər və təfərrüatlarla geniş şəkildə işıqlandırılır.
İsrail mediası bu qeyri-adi hücumun dolayısı ilə etiraf olunmasını ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın qeyri-adi qınaq bəyanatına verilən cavab kimi qiymətləndirib. Eyni zamanda qeyd olunub ki, bu zərbə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı rolunu cilovlamaq məqsədi daşıyan bir mesajdır.
"Yedioth Ahronoth" qəzeti yazıb ki, İsrail hökuməti və ordusu Suriyada zərbələr endirmək ittihamlarını şərh etməkdən imtina etdikdən sonra ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın gözlənilməz qınaq bəyanatı gəlib; yüksəkrütbəli israilli rəsmi isə "Fox News"a danışaraq əməliyyatın İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib və Təl-Əvivin zərbədən əvvəl Vaşinqtonla həssas kəşfiyyat məlumatları bölüşdüyünü vurğulayıb.
İdlib, Həma və Hələb vilayətləri arasındakı strateji mövqeyi və Suriya çölünə yaxınlığı ilə seçilən, Suriyanın şimalındakı ən mühüm hərbi bazalardan biri hesab edilən aerodrom naməlum təyyarələrin hücumuna məruz qalıb, onun uçuş-enmə zolaqlarına və saxlama obyektlərinə ziyan dəyib.
İsrailli rəsminin "Fox News"a verdiyi qısa açıqlamadan başqa heç bir rəsmi mənbə hücumla bağlı açıqlama verməsə də, İsrail KİV-i bunun Türkiyəyə bir mesaj olduğunu bildirib.
"The Times of Israel" qəzeti qeyd edib ki, bu zərbə İsrailin Suriyada Türkiyənin təsirini və hərbi varlığını möhkəmləndirməsinin qarşısını almağa çalışdığı bir vaxtda həyata keçirilib; daha əvvəl endirilən zərbələrin də Türkiyənin yeni Suriya hökumətinin hərbi hava qüvvələrini qurmasına və gücləndirməsinə mane olmaq məqsədi daşıdığı ehtimal edilir.
Hərbi mənbəyə istinadən bildirilib ki, 2024-cü ilin sonunda Əsədin devrilməsindən bəri bu baza yeni Suriya ordusunun təlim mərkəzi kimi istifadə olunub və avqustun əvvəlində Suriya Rusiya istehsalı olan "MiQ-21" qırıcılarından istifadə etməklə hava təlimləri keçirib; bu, Əsədin devrilməsindən sonra bu tipli ilk təlim olub.
Ötən həftə İsrailin "Kan" dövlət teleradio şirkəti təhlükəsizlik rəsmilərinin Suriyanın hərbi hava qüvvələrini yenidən bərpa etmək səylərini sürətləndirdiyini, o cümlədən yeni pilotların cəlb olunduğunu, uçuş təlimlərinin keçirildiyini və qırıcı təyyarələrin iştirakı ilə ilk təlimin icra edildiyini qeydə aldıqlarını bildirib. "Kan" təhlükəsizlik mənbəsinə istinadla qeyd edib ki, İsrail hadisələri diqqətlə izləyir və narahatlıqlarını ABŞ-yə çatdırıb.
İsrailin "Walla" portalı aerodromun hədəf alınmasının Suriyaya həmin bazanı bərpa etməkdə kömək edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mesaj olduğunu yazıb. Sayt son vaxtlar Suriya Hərbi Hava Qüvvələrinin imkanlarını bərpa etmək cəhdlərinə dair əlamətlərin ortaya çıxdığını təsdiqləyərək bildirib ki, avqustun 11-də Suriya təyyarələri Hələb və İdlib vilayətlərinin hava məkanında təlim uçuşları həyata keçirib və bu zaman "MiQ-23" təyyarələrindən də istifadə olunub.
"i24NEWS" telekanalı da Türkiyənin Suriyanın şimalında artan varlığına və Ankaranın Suriya hərbi obyektlərinin bərpasında iştirakına toxunaraq zərbənin daha genişmiqyaslı qarşıdurma ilə bağlı olduğunu bildirib.
"14-cü Kanal" isə zərbənin Əsəd rejiminin süqutundan bəri Türkiyənin Suriyada ən fəal aktorlardan birinə çevrildiyi və eyni zamanda İsrailin Türkiyənin hərbi varlığına və oradakı nüfuzuna qarşı daha həssas yanaşdığı bir vaxtda baş verdiyini vurğulayıb.
Bombalanan hədəfin tam olaraq nə olduğu aydınlaşmayıb. İsrail Ordu Radiosu dəqiq hədəfin bilinmədiyini, bunun yerdəki hər hansı bir obyekt, aerodroma çatmış yük və ya təyyarənin, yaxud yükün gəlişinin qarşısını almaq cəhdi ola biləcəyini qeyd edib. Ordu Radiosu hədəfin böyük ehtimalla Türkiyənin Suriya ordusunu silahlandırmaq və onun hərbi imkanlarını inkişaf etdirmək cəhdləri ilə bağlı olduğunu bildirib.
Əgər zərbənin İsrail tərəfindən həyata keçirildiyi rəsmən təsdiqlənərsə, bu, ötən ilin mart ayında ordunun Suriyanın cənubundakı hərbi düşərgələri hədəf aldığını elan etməsindən bəri İsrail Hərbi Hava Qüvvələrinin bu tipli ilk hücumu olacaq.
"Reuters" agentliyi qeyd edib ki, NATO-nun ikinci ən böyük ordusuna sahib olan və bu yaxınlarda Pakistan və Səudiyyə Ərəbistanı ilə alyans tipli birgə müdafiə müqaviləsi imzalayan Türkiyə Suriya Prezidenti Əhməd əş-Şərənin ən mühüm müttəfiqlərindən birinə çevrilib; Türkiyə Suriya ordusuna təlim keçir, dövlət təsisatlarının və infrastrukturun bərpasına kömək edir, Suriyaya hərbi və diplomatik dəstək göstərir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik bildirib ki, bu hava hücumları "İsrail siyasətinin region xalqlarının sülh və əmin-amanlığının ən böyük düşməni olduğunu bir daha nümayiş etdirdi". Çelik "X" platformasında yazıb: "Bütün beynəlxalq ictimaiyyət buna qarşı kollektiv mövqe nümayiş etdirməlidir".
Qeyd edək ki, İsrail ordusu Əsəd rejiminin 2024-cü ilin dekabrında süqutundan bəri Suriyanın cənubunda əksəriyyəti bufer zonada yerləşən 9 məntəqədə dislokasiya olunub.
İsrail qüvvələri "düşmən qüvvələrin əlinə keçəcəyi təqdirdə təhlükə yarada biləcək" silahları ələ keçirmək bəhanəsi ilə Suriya ərazisinin içərilərinə doğru təxminən 15 kilometr (9 mil) dərinliyə qədər olan ərazilərdə fəaliyyət göstərir.