BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin Şərqi Aralıq dənizi və Yaxın Şərqdə artan regional rolu İsrail mətbuatında geniş müzakirə mövzusuna çevrilib. İsrailin Israel Hayom nəşrində dərc olunan təhlildə ölkənin Ankara ilə bağlı hərbi və diplomatik strategiyasını yenidən nəzərdən keçirməsinin zəruri olduğu irəli sürülüb.
Nəşrin məlumatına görə, İsrailin bölgədə dəyişən geosiyasi şərait fonunda hərbi imkanlarını gücləndirməsi, yeni regional tərəfdaşlıqlar qurması və müxtəlif ssenarilərə hazır olması tövsiyə edilir.
Təhlildə israilli tədqiqatçı Kobi Mayklın fikirlərinə də yer verilib. O, İsrailin "strateji qeyri-müəyyənlik" dövründən keçdiyini bildirərək, ölkənin hərbi uğurlarını uzunmüddətli regional siyasi nəticələrə çevirməkdə çətinlik çəkdiyini iddia edib.
Mayklın sözlərinə görə, Türkiyənin İsrailə qarşı birbaşa hərbi münaqişəyə başlamaq niyyətində olması ehtimalı aşağıdır. O hesab edir ki, Ankaranın əsas məqsədi İsraili regional səviyyədə təcrid etmək və onun təsir imkanlarını zəiflətməkdir.
"Türkiyənin regional təsiri artır"
Məqalədə istefada olan israilli polkovnik Qabi Siboninin də fikirlərinə yer verilib.
Siboni iddia edib ki, Türkiyə və Qətərin rəhbərliyi altında regionda yeni siyasi blok formalaşır və Ankaranın Yaxın Şərqdə təsiri son illərdə əhəmiyyətli dərəcədə artıb.
Onun sözlərinə görə, İsrail Silahlı Qüvvələri gələcək əməliyyat planlamalarında Türkiyə amilini daha ciddi nəzərə almalıdır.
Siboni həmçinin İsrail Hərbi Dəniz Qüvvələrinin imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin güclü dəniz potensialına malik olduğunu bildirib.
İsrailli istefada olan hərbçi iddia edib ki, Ankara istədiyi halda İsrailin dəniz kommunikasiyalarına ciddi təsir göstərə və ölkənin dənizə çıxış imkanlarını məhdudlaşdıra bilər.