BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Ədliyyə naziri Akın Gürlek cinayətkar qruplara və dəstələrə qarşı mübarizənin onların kimliyindən və hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq qətiyyətlə davam etdiriləcəyini bildirib.
VOA xəbər verir ki, Gürlek vətəndaşların dini inanclarından və dini hisslərindən sui-istifadə edərək cinayət törədən və bu yolla qanunsuz gəlir əldə edən strukturlara qarşı hüquqi tədbirlərin görüldüyünü deyib.
Nazirin sözlərinə görə, Alihan Kurişin rəhbərlik etdiyi iddia olunan cinayətkar qrup da bu istiqamətdə aparılan mübarizənin nümunələrindən biridir.
Gürlek vurğulayıb ki, burada əsas meyar hər hansı dini inancın, dini qurumun və ya icmanın kimliyi deyil, cinayət təşkil edən əməllər və həmin əməllərlə əlaqəli strukturlardır.
“İnanc və dini dəyərlər heç bir halda cinayət fəaliyyətinin vasitəsinə və ya sipərinə çevrilə bilməz. Dövlətimiz qanunla açıq şəkildə cinayət hesab edilən əməllərlə mübarizədə qətiyyətli olduğu kimi, vətəndaşlarımızın inanc və ibadət azadlığının qorunması məsələsində də eyni qətiyyəti davam etdirir”, – deyə Gürlek bildirib.
Ədliyyə nazirinin açıqlaması Türkiyədə dini qurum və icmalarla əlaqəli olduğu iddia edilən maliyyə və cinayət xarakterli fəaliyyətlərə qarşı aparılan araşdırmalar fonunda səslənib.