BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan regional müharibə riski yaradan ABŞ-İran hərbi gərginliyi və Türkiyə-Bolqarıstan enerji danışıqları ilə bağlı mühüm bəyanatlar verib.
VOA xəbər verir ki, Fidan iki gün əvvəl başlayan qarşılıqlı raket zərbələrinin böyük bir eskalasiya riski daşıdığını vurğulayaraq tərəfləri təcili olaraq hərbi əməliyyatları dayandırmağa çağırıb.
Xarici işlər naziri hər iki dövlətlə daimi təmasda olduqlarını bildirərək bu fikirləri qeyd edib:
"Tərəflərin bir an əvvəl qarşılıqlı hücumlarını, zərbələrini dayandırıb müzakirə masasına qayıtmalarını və tamamlamağa çox yaxın olduqları mətn üzərində işi bitirmələrini tövsiyə edirik. Bizim də səylərimiz, fəaliyyətimiz bu istiqamətdədir. Gərginliyin artmasının, yenidən genişmiqyaslı müharibə mühitinə qayıdılmasının heç kimə faydası yoxdur. Nə qədər çətin olsa da, müzakirələrin yekun nöqtəyə çatdırılması əsas məqsəd olmalıdır."