BAKI, VOA Orxan Qədirzadə
Şotlandiyada sənətçilər və mədəniyyət fəalları Edinburq Beynəlxalq Festivalına investisiya şirkəti “Baillie Gifford” ilə əməkdaşlığı dayandırması üçün təzyiqləri artırıb. Etirazçılar şirkətin İsrailin hərbi sənayesi ilə əlaqəli olduğu bildirilən şirkətlərə yatırımlar etdiyini iddia edirlər.
Kampaniyaya 700-dən çox sənətçi, mədəniyyət işçisi və ictimaiyyət nümayəndəsi qoşularaq festivala müraciət imzalayıb. Onlar festivalın sponsorluq və maliyyələşdirmə mənbələrinə yenidən baxmasını tələb edirlər.
Etirazların mərkəzində Edinburqda yerləşən “Baillie Gifford” investisiya şirkəti dayanır. Fəallar şirkətin Britaniyanın “Babcock International” şirkətində səhmlərə sahib olduğunu, bu şirkətin isə İsrailin aerokosmik sənayesi ilə hərbi proqramlar çərçivəsində əməkdaşlıq etdiyini bildirirlər. “Babcock International”ın əvvəllər İsrailin “Elbit Systems” şirkəti ilə də əməkdaşlıq etdiyi qeyd olunur.
Kampaniya küçə aksiyaları ilə də müşayiət olunur. Etirazçılar Fələstin bayraqları və şirkətlə əlaqələrin kəsilməsinə çağıran şüarlar qaldırıblar. Şotlandiya Yaşıllar Partiyasının nümayəndələri də mədəniyyət qurumlarının maliyyə mənbələrinin nəzərdən keçirilməsini dəstəkləyir.
Edinburq Şəhər Şurasının Yaşıllar Partiyasından üzvü Elis Mumford bildirib ki, partiya boykot, investisiyaların geri çəkilməsi və sanksiyaları dəstəkləyir. Onun sözlərinə görə, məqsəd siyasi mövqeləri praktiki addımlara çevirmək və mübahisəli şirkətlərin dövlət və mədəniyyət qurumları ilə əməkdaşlığını məhdudlaşdırmaqdır.
Kampaniyanın təşkilatçılarından Hüseyn Meyta isə sənətçilərin İsrailə qarşı mədəni və akademik boykot çağırışlarına dəstək verdiyini bildirib. Onun sözlərinə görə, Şotlandiyada yüzlərlə təşkilat İsrailin mədəniyyət qurumlarının boykotunu dəstəkləyir.
Sənətçilər hazırkı kampaniyanı Şotlandiyanın Cənubi Afrikadakı aparteid rejiminə qarşı keçmiş mədəni boykot ənənəsi ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, mədəniyyət sektoru ictimai rəyə təsir imkanlarından istifadə edərək maliyyə əlaqələrinin yenidən nəzərdən keçirilməsinə təsir göstərə bilər.