BAKI,VOA, Fərid Mikayılov
ABŞ Maliyyə Naziri Skott Bessent Vaşinqtonun Tehrana qarşı bu günə qədər həyata keçirilmiş ən böyük maliyyə hücumuna başladığını və İrana qarşı mübarizədə "son mərhələyə" qədəm qoyulduğunu bildirib.
VOA xəbər verir ki, nazir sosial şəbəkə hesabında verdiyi rəsmi açıqlamada ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında İranın hərbi potensialının, hərbi zavodlarının demək olar ki, tamamının və nüvə proqramının sıradan çıxarıldığını iddia edib.
Bessent yeni strategiyanın hərbi uğurlardan sonra başlayan genişmiqyaslı iqtisadi təcrid mərhələsi olduğunu vurğulayıb:
"Sübh açılarkən bir düşmənə qarşı təşkil edilmiş ən böyük maliyyə hücumu — 'İqtisadi D-Day' başlayır. Məqsədimiz, Tehran tamamilə təcrid olunana qədər bu rejimi ayaqda saxlayan hər bir iqtisadi can damarını kəsməkdir."
Açıqlamada İran rəhbərliyinin illərdir təhlükəsizlik zəmanətləri adı altında təzyiq mexanizmlərindən istifadə etdiyi, Vaşinqtonun sanksiyalarını isə "müzakirə oluna bilən" amil kimi gördüyü qeyd olunub.
Bessent Tramp administrasiyası ilə bu dövrün yekunlaşdığını bildirərək, ABŞ-ın səbrini sınayan tərəflərin bunun bədəlini ağır ödəyəcəyi ilə bağlı xəbərdarlıq edib.