Yaxın Şərqdə 2026-cı ilin fevral ayından başlayan hərbi gərginlik mart ayının ortalarında ən kritik həddinə çatıb. İsrail ordusu Livandakı hərbi kampaniyasını genişləndirərək paytaxt Beyrutun mərkəzi məhəllələrinə silsilə hava zərbələri endirməyə başlayıb. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, Basta və Zoqaq əl-Blat rayonlarına endirilən zərbələr nəticəsində 10 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bu hücumlar paytaxtın indiyədək toxunulmaz sayılan ərazilərinin də hədəfə alınması ilə "Beyrut istisnası"nın sona çatdığını göstərir. Eyni zamanda, Livanın cənub və şərq bölgələrində, xüsusilə Bekaa vadisində yaşayış binalarının vurulması nəticəsində ölənlərin ümumi sayı 900-ü keçib, 1 milyondan çox insan isə məcburi köçkünə çevrilib.
#İsrail və Livan münaqişəsi
Fransanın Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian çərşənbə günü verdiyi bəyanatda bildirib ki, İsrailin şiddətli hücumları davam etdiyi bir vaxtda Livan hökumətindən İran tərəfindən dəstəklənən Hizbullahı tərksilah etməsini tələb etmək məntiqsizdir. O, böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayıb. Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumlarında 900-dən çox insan həlak olub.
İsrail ordusunun Livanın müxtəlif bölgələrinə, xüsusilə ölkənin şərqindəki Bekaa vadisinə təşkil etdiyi hava hücumları nəticəsində mülki itkilər artmaqda davam edir. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, Bekaa bölgəsinin Sehmar qəsəbəsində 4 yaşayış evinin hədəf alınması nəticəsində 4 nəfər həyatını itirib. Eyni zamanda, Nebatiye şəhərində bir binaya endirilən zərbə yaxınlıqdakı Mülki Müdafiə Mərkəzinə də ziyan vurub və nəticədə 11 xilasedici yaralanıb. Paytaxt Beyrutun Balata küçəsində yerləşən yaşayış binasına endirilən hava zərbələri də şəhərdə ciddi dağıntılara səbəb olub.
İsrail ordusunun gecə saatlarından başlayaraq Livanın müxtəlif nöqtələrinə təşkil etdiyi hava hücumları nəticəsində insan itkiləri kəskin artıb. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, son zərbələr nəticəsində həyatını itirənlərin ümumi sayı 23 nəfərə yüksəlib. Hücumların ən ağır nəticəsi Sur şəhərinin Burç Kalavay bölgəsində qeydə alınıb. İsrail döyüş təyyarələrinin buradakı tibb müəssisəsini hədəf alması nəticəsində 12 səhiyyə işçisi həyatını itirib. Livan Səhiyyə Nazirliyi tibbi personalın hədəf alınması ilə bağlı ilkin rəqəmləri təsdiqləyərək hadisəni kəskin pisləyib.
Avstraliya hökuməti regionda pisləşən təhlükəsizlik vəziyyətini əsas gətirərək, Livanda fəaliyyət göstərən qeyri-vacib diplomatik heyətinə ölkəni dərhal tərk etmək barədə tapşırıq verib. Avstraliyanın xarici işlər naziri Penni Vonq rəsmi sosial media hesabı vasitəsilə bildiriş yayaraq, bu addımın vətəndaşların və dövlət qulluqçularının təhlükəsizliyini qorumaq məqsədilə atıldığını vurğulayıb. Nazir qeyd edib ki, yalnız məhdud sayda heyət bölgədə qalan Avstraliya vətəndaşlarına konsulluq xidmətləri göstərmək üçün ölkədə fəaliyyətini davam etdirəcək.
İsrail ordusunun Livanın cənubu, Bekaa bölgəsi və paytaxt Beyruta təşkil etdiyi son hava hücumları nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənubundakı Sur şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir avtomobili hədəf alıb və nəticədə 1 nəfər dünyasını dəyişib. Eyni zamanda, Bekaa bölgəsinin Ber Elyas rayonunda bir mənzilə endirilən zərbə nəticəsində "Camaat-i İslami" təşkilatının rəsmisi Yusuf ed-Dahukun iki oğlu həlak olub, özü isə ağır yaralanıb.
İsrail ordusunun 2 mart tarixindən etibarən Livana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənərək paytaxt Beyrutun mərkəzi və sahil hissələrini hədəf almağa davam edir. Son məlumatlara görə, İsrail hərbi təyyarələri şəhərin Dahiye və Remle Beyda bölgələrinə intensiv hava zərbələri endirib. Şahidlərin bildirdiyinə görə, Beyrutun mərkəzində şiddətli patlayış və aşağı hündürlükdə uçan qırıcıların səsləri eşidilib, vurulan nöqtələrdən qara dumanlar yüksəlib. Xüsusilə gecə saatlarında Remle Beyda sahilində həyata keçirilən hücumda dəniz kənarındakı bir avtomobilin hədəf alındığı və zərbənin gücündən dəniz suyunun metrlərlə hündürlüyə qalxdığı görüntülənib.
İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında daha 17 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbi təyyarələri ölkənin cənubundakı Əl-Ənsariyyə qəsəbəsinə intensiv zərbələr endirib. Eyni zamanda, Sur şəhərinin cənub-şərqində yerləşən Hoş bölgəsində bir kafe İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınıb. Səhiyyə Nazirliyi isə Beyrutun cənubundakı Avzai bölgəsində motosikletin hədəf alındığı hücumda bir nəfərin öldüyünü, Kana və Hoş qəsəbələrində isə ümumilikdə 6 nəfərin həlak olduğunu, çox sayda insanın yaralandığını açıqlayıb. Şərqi Zavtar, Kılaviyyə və Hinnaviyyə qəsəbələrində də ölümlə nəticələnən zərbələr qeydə alınıb.
UNICEF bildirib ki, İsrail ilə Hizbullah arasında müharibənin şiddətlənməsi fonunda Livanda 2 mart tarixindən bu yana ən azı 83 uşaq həyatını itirib, 254 uşaq isə yaralanıb. Açıqlamada həmçinin son 28 ay ərzində Livanda ümumilikdə 329 uşağın öldüyü, 1632 uşağın isə yaralandığı bildirilib.
İsrail hərbi hava qüvvələrinin martın 2-də Livana qarşı başlatdığı intensiv hava hücumları davam edir. İsrail ordusu xalqı yaşayış yerlərini tərk etməyə məcbur etdiyi paytaxt Beyrutun Dahiyə bölgəsini hədəf alıb. Məlumata görə, İsrail döyüş təyyarələri bir saat ərzində Dahiyə bölgəsinə iki hava zərbəsi endirib. Hücumlardan sonra güclü partlayış səsləri eşidilib və ərazidən qara tüstülər yüksəlməyə başlayıb. Eyni zamanda, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Beyrut üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirir.
İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.
İsrailin Livanın müxtəlif bölgələrinə son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 39 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Məlumata əsasən, ölkənin şərqində yerləşən Nəbi Şit qəsəbəsinə həyata keçirilən 10 hava hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Cənubdakı Kalaviya qəsəbəsinə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.