BAKI, VOA , Nailə Babazadə
Fransanın Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian çərşənbə günü verdiyi bəyanatda bildirib ki, İsrailin şiddətli hücumları davam etdiyi bir vaxtda Livan hökumətindən İran tərəfindən dəstəklənən Hizbullahı tərksilah etməsini tələb etmək məntiqsizdir.
VOA xəbər verir ki, o, böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayıb. Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumlarında 900-dən çox insan həlak olub.
Le Drian "France Info" radiosuna müsahibəsində "İsrail uzun müddət Livanı işğal altında saxladı və Hizbullahın hərbi potensialını məhv edə bilmədi. İndi isə bombardman altında Livan hökumətindən bu işi üç gün ərzində görməsini istəyirlər" deyə bildirib. Diplomatik mənbələrə görə, Livan Prezidenti Cozef Aun İsrail ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirsə də, İsrail tərəfi bu təklifi "çox gecikmiş" addım hesab edərək rədd edib.
Fransa münaqişəni dayandırmaq üçün üç mərhələli və üç aylıq dövrü əhatə edən qeyri-rəsmi bir sənəd təqdim edib. "Reuters" tərəfindən görülən bu sənəddə hərbi əməliyyatların dayandırılması, quru sərhədlərinin müəyyənləşdirilməsi və Livan ilə İsrail arasında daimi hücum etməmə paktının imzalanması nəzərdə tutulur. Plan həmçinin BMT Təhlükəsizlik Şurasının mandatı altında könüllülər koalisiyasının bölgəyə yerləşdirilməsini və Livan iqtisadiyyatının islahatını təklif edir. Lakin ABŞ və İsrail hələlik bu təkliflərə soyuq yanaşır.