BAKI,VOA Orxan Qədirzadə
Yaponiyada son illər cəmiyyətin diqqət mərkəzində olan ən ciddi sosial problemlərdən biri hikikomori adlanan uzunmüddətli sosial təcrid fenomenidir. Bu vəziyyətdə olan insanlar aylarla, hətta illərlə evdən çıxmadan yaşayır, sosial əlaqələrini minimuma endirir və cəmiyyətlə bütün münasibətlərini kəsirlər.
Mütəxəssislərin fikrincə, hikikomorinin yaranmasının əsas səbəblərindən biri Yaponiyada uğura yönəlmiş yüksək sosial gözləntilərdir. Uşaqlıqdan etibarən məktəbdə yüksək nəticələr göstərmək, daha sonra isə iş həyatında uğur qazanmaq fərdlər üzərində ciddi psixoloji təzyiq yaradır. Bu gözləntiləri qarşılaya bilməyən insanlar zamanla özlərini cəmiyyətdən uzaqlaşdırmağa başlayırlar.
Sosial təcrid yaşayan şəxslər əksər hallarda evdən çıxmır, heç kimlə ünsiyyət qurmur və yalnız minimal ehtiyaclarını qarşılamaqla kifayətlənirlər. Bəzi hallarda bu vəziyyət uzun illər davam edir. Onların bir qismi ailələrinin, xüsusilə yaşlı valideynlərinin dəstəyi ilə yaşayır.
Müşahidələr göstərir ki, valideynlərini itirən və ya maddi imkanlarını itirən hikikomori xəstələrinin psixoloji vəziyyəti daha da ağırlaşa bilir. Bu isə Yaponiyada psixi sağlamlıq problemlərinin və intihar hallarının artmasına təsir edən amillərdən biri kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, uğurun yeganə qəbul edilən norma kimi təqdim edilməsi, uğursuzluğun isə həyatın təbii bir hissəsi kimi qəbul edilməməsi insanların özlərini cəmiyyətdən təcrid etməsinə səbəb olur. Mükəmməlliyyətçilik, yüksək rəqabət mühiti və sosial təzyiq xüsusilə gənclər arasında psixoloji problemlərin dərinləşməsinə gətirib çıxarır.
Araşdırmalar göstərir ki, hikikomori problemi yalnız gənclərlə məhdudlaşmır. Hazırda 50 yaşdan yuxarı insanlar arasında da uzun illərdir sosial təcrid şəraitində yaşayan şəxslərə rast gəlinir ki, bu da problemin Yaponiya cəmiyyətində uzunmüddətli sosial və demoqrafik nəticələr doğurduğunu göstərir.