VOA-nın təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiyanın tənzimlənməsi barədə mühüm məqamlara aydınlıq gətirib.
- Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?
Dünyanın müxtəlif ölkələrində mediasiyanın hüquqi tənzimlənməsi fərqli modellər əsasında həyata keçirilir. Bəzi dövlətlərdə mediasiya tam könüllülük prinsipi əsasında tətbiq olunur, digərlərində isə müəyyən kateqoriya mübahisələr üzrə məhkəməyə müraciətdən əvvəl mediasiyadan keçmək qanunvericiliklə məcburi mərhələ kimi müəyyən edilir.
Azərbaycan Respublikasında mediasiyanın hüquqi əsasları "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qanuna əsasən mediasiya mübahisələrin tərəflərin qarşılıqlı razılığı əsasında, mediatorun köməyi ilə məhkəmədənkənar həlli üsuludur. Bununla yanaşı, ailə, əmək mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi xarakter daşıyır. Bu yanaşma həm məhkəmələrin iş yükünün azaldılmasına, həm də tərəflərin barışıq yolu ilə razılığa gəlməsinə xidmət edir.
- Hansı model daha effektivdir?
Hümmət Əliyev: Effektivliyi yalnız bir model üzrə qiymətləndirmək düzgün olmaz. Hər bir ölkənin hüquq sistemi, cəmiyyətin hüquqi mədəniyyəti və iqtisadi münasibətləri fərqlidir. Bununla belə, beynəlxalq təcrübə göstərir ki, könüllülük prinsipini qorumaqla yanaşı, müəyyən mübahisələr üzrə ilkin mediasiya mərhələsinin tətbiqi daha uğurlu nəticələr verir.
Azərbaycanın seçdiyi model də məhz bu yanaşmaya əsaslanır. Burada tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, barışıq sazişi bağlamaq və ya mediasiyanı davam etdirmək onların sərbəst iradəsindən asılıdır. Bu isə "Mediasiya haqqında" Qanunda təsbit olunmuş könüllülük prinsipinin qorunmasını təmin edir. Hesab edirəm ki, məhz balanslaşdırılmış model həm vətəndaşların hüquqlarının müdafiəsinə, həm də məhkəmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edir.
- Qanunların fərqli cəhətləri nələrdir?
Hümmət Əliyev: Əsas fərqlər bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, mediasiyanın məcburi və ya könüllü tətbiq olunması, mediatorların hazırlanması və sertifikatlaşdırılması qaydaları, mediasiya sazişlərinin hüquqi qüvvəsi, məxfilik prinsiplərinin tətbiqi və mediasiya prosesinə dövlət nəzarətinin səviyyəsi ölkələr üzrə dəyişir.
Azərbaycan qanunvericiliyində mediatorların peşə fəaliyyətinə dair tələblər, Mediasiya Şurasının səlahiyyətləri, mediasiya təşkilatlarının fəaliyyəti, mediatorların etik davranış qaydaları və mediasiya prosesinin həyata keçirilməsi mexanizmləri ətraflı şəkildə tənzimlənmişdir. Bu isə mediasiya institutunun vahid standartlar əsasında fəaliyyət göstərməsinə imkan yaradır.
- Universal prinsiplər varmı?
Hümmət Əliyev: Bəli, mediasiyanın mahiyyətini müəyyən edən bir sıra universal prinsiplər mövcuddur. Bunlara ilk növbədə könüllülük, tərəflərin bərabərliyi, mediatorun qərəzsizliyi və müstəqilliyi, məxfilik, tərəflərin iradəsinə hörmət və qarşılıqlı əməkdaşlıq prinsipləri daxildir.
Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununda da bu prinsiplər öz əksini tapmışdır. Məhz həmin prinsiplər mediasiyanın məhkəmə araşdırmasından əsas fərqini təşkil edir və tərəflərə qarşılıqlı maraqları nəzərə alan, uzunmüddətli münasibətləri qoruyan qərarlar qəbul etmək imkanı yaradır. Dünyanın əksər inkişaf etmiş mediasiya sistemlərində də bu prinsiplər dəyişməz olaraq tətbiq edilir.
- Müqayisə bizə nə öyrədir?
Hümmət Əliyev: Müqayisəli hüquqi təhlil göstərir ki, mediasiyanın uğuru yalnız qanunun qəbul edilməsindən deyil, onun düzgün tətbiqindən, cəmiyyətin hüquqi maariflənməsindən və mediatorların peşəkarlığından asılıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, vətəndaşların mediasiyaya etimadı artdıqca mübahisələrin daha böyük hissəsi məhkəməyə çatmadan həll olunur.
Azərbaycan mediasiya institutu nisbətən gənc olsa da, son illərdə əldə olunan nəticələr göstərir ki, bu sahə davamlı inkişaf edir. Beynəlxalq təcrübənin öyrənilməsi, müsbət modellərin milli qanunvericiliyə uyğunlaşdırılması və hüquqi islahatların davam etdirilməsi mediasiyanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Müqayisəli hüquq yanaşması bizə göstərir ki, əsas məqsəd hər hansı ölkənin modelini olduğu kimi qəbul etmək deyil, milli hüquq sisteminə və cəmiyyətin ehtiyaclarına uyğun ən səmərəli mexanizmləri formalaşdırmaqdır.
Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44
E/ünvan:[email protected]
Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.4