BAKI,VOA,Yusif Şərifzadə
Çin Prezidenti Si Cinpin Fələstin məsələsinin Yaxın Şərq probleminin əsasını təşkil etdiyini və heç vaxt diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib. Çin lideri bu fikirləri Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi danışıqlar zamanı səsləndirib.
VOA xəbər verir ki, Çinin dövlət xəbər agentliyi “Sinxua”nın məlumatına əsasən, Si Cinpin Yaxın Şərq ölkələrinin bölgə üçün yeni təhlükəsizlik sisteminin yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib. O, bölgədə ümumi təhlükəsizliyin təmin edilməsi üçün hərtərəfli həll yolunun tapılmasına çağırıb.
Çin Prezidenti Fələstin məsələsinin Yaxın Şərqdəki problemlərin mərkəzində dayanmağa davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Fələstin məsələsi heç vaxt diqqətdən kənarda saxlanılmamalı və ya ikinci plana keçirilməməlidir.
Si Cinpin, həmçinin Birləşmiş Millətlər Təşkilatının bölgədə təsirli rolunun dəstəklənməsinin vacibliyini bildirib. O, xarici qüvvələri Yaxın Şərq məsələlərinə münasibətdə ikili yanaşmadan imtina etməyə çağırıb.
ABŞ ilə İran arasında müharibə fonunda Hörmüz boğazında yaranan gərginliyə də toxunan Çin Prezidenti beynəlxalq dəniz yollarının təhlükəsizliyinin qorunmasının vacibliyini qeyd edib.
Si Cinpin Çinin beynəlxalq gəmiçilik yollarının təhlükəsizliyinin təmin olunması üçün Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Çin Prezidenti çərşənbə axşamı iki günlük dövlət səfəri çərçivəsində Qahirəyə gəlib. Bu, Si Cinpinin son 10 ildə Misirə ilk səfəridir.