BAKI,VOA, Həcər Nazarova
Çin Prezidenti Si Cinpinin Misirə səfəri Pekinlə Qahirə arasında iqtisadi və diplomatik əlaqələrin möhkəmləndirilməsindən daha geniş məna daşıyır.
VOA xəbər verir ki, Çin ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan Misirlə əlaqələrini genişləndirərək regionda təsir imkanlarını artırmağa çalışır.
Si Cinpin səfər çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Çin lideri Pekini Yaxın Şərqdə sabitləşdirici qüvvə kimi təqdim etməyə və ABŞ-ın regiondakı uzunmüddətli hərbi iştirakından fərqli yanaşma nümayiş etdirməyə çalışır. Si Cinpin çərşənbə axşamı axşam saatlarında Qahirəyə gəlib və hava limanında Misir prezidenti, eləcə də hərbi rəsmilər tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Si Cinpinin Misirə hazırkı səfəri onun son səfərindən 10 il sonra baş tutur. Çin və Misir bu il diplomatik münasibətlərin qurulmasının 70 illiyini qeyd edir. Si Cinpin iki ölkə arasında praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Əs-Sisi isə Çinin Misirə qoyduğu investisiyaları yüksək qiymətləndirib və Tayvan məsələsində Pekinin mövqeyini dəstəklədiyini bildirib.
Çin son illərdə Misirə 10 milyard dollardan çox investisiya qoyub. Pekin Qahirənin şərqində biznes mərkəzinin və Nil deltasında sənaye məqsədli elektrik dəmir yolu xəttinin tikintisində iştirak edir. Hökumət məlumatlarına görə, iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 20 milyard dollardır. 2025-ci ildə ABŞ ilə Misir arasında ticarət dövriyyəsi isə 15,7 milyard dollar təşkil edib.
Çin Misirlə yanaşı, Yaxın Şərqin digər ölkələri ilə də əlaqələrini genişləndirir. Pekin 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına vasitəçilik edib. Çin həmçinin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Misirin nəzarətində olan Süveyş kanalı isə Hörmüz boğazında enerji daşımalarının pozulduğu şəraitdə enerji təchizatı üçün regiondan keçən alternativ marşrut kimi xüsusi əhəmiyyət qazanıb.
Si Cinpinin səfəri Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitindən sonra baş tutur. Pekin İranla iqtisadi əlaqələrini də davam etdirir və Tehranla ticarətin beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildiyini bildirir.