BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı İranın cənubundakı Sirik bölgəsində toy mərasiminin keçirildiyi yaşayış binasına endirilən zərbə nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı İran tərəfinin ittihamlarını rədd edib. İran rəsmilərinin məlumatına görə, hadisə nəticəsində azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub.
VOA xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins ABŞ ordusunun mülki şəxsləri hədəfə almadığını bildirib. O, İranın yaydığı məlumatlara cavab olaraq ABŞ hərbi qüvvələrinin əməliyyatlarının mülki əhaliyə qarşı yönəlmədiyini vurğulayıb.
İran hakimiyyətinin məlumatına görə, zərbə Hörmüzqan vilayətinin Sirik bölgəsində toy mərasiminin keçirildiyi yaşayış binasına dəyib. Hadisə nəticəsində 50-dən çox insanın yaralandığı bildirilib. Sonrakı yerli məlumatlarda yaralıların sayının daha yüksək olduğu qeyd edilib.
İran tərəfi hadisəni ABŞ-nin həyata keçirdiyi hücum kimi qiymətləndirərək Vaşinqtonu mülki əhalinin ölümünə görə məsuliyyət daşımaqda ittiham edib. ABŞ tərəfi isə son hərbi əməliyyatların İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid hava hücumundan müdafiə vasitələri, radar qurğuları, dəniz obyektləri, mina yerləşdirmə imkanları və rabitə məntəqələrinə qarşı yönəldiyini bildirib.
Hadisənin dəqiq şəraiti və toy mərasiminin keçirildiyi yaşayış binasının hansı səbəbdən zərər gördüyü barədə tərəflərin açıqlamaları arasında fərqlər qalır.