BAKI,VOA,Yusif Şərifzadə
Qətər İranın Hörmüz boğazından keçən Səudiyyə Ərəbistanına məxsus tankerə hücumunu kəskin şəkildə pisləyib. Hücum nəticəsində iki nəfərin həlak olduğu bildirilir.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Hörmüz boğazından siyasi təzyiq və sövdələşmə vasitəsi kimi istifadə edilməsini qəti şəkildə rədd etdiyini bildirib. Doha boğazın heç bir şərt irəli sürülmədən yenidən açılmasına çağırıb.
Qətər Xarici İşlər Nazirliyi İranın dost və qardaş ölkələrin əmlakına qarşı həyata keçirdiyi “əsassız hücumların” dayandırılmasının vacibliyini vurğulayıb.
Bəyanatda Qətərin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirdiyi bildirilib. Doha tankerə hücumu bölgədə təhlükəsizlik və sabitliyə təhdid yaradan addım kimi qiymətləndirib.
Qətər tərəfi Hörmüz boğazının açıq saxlanılmasının vacibliyinə xüsusi diqqət çəkib. Boğaz beynəlxalq dəniz nəqliyyatı və enerji daşımaları baxımından dünyanın ən mühüm keçidlərindən biri hesab olunur.
Qətərin açıqlaması Hörmüz boğazı ətrafında hərbi gərginliyin artdığı və bölgədə dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqların gücləndiyi bir vaxtda verilib.