BAKI,VOA,Yusif Şərifzadə
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Yəməndəki husi hərəkatını beynəlxalq gəmiçiliyə və dənizçilərin həyatına təhlükə yaradan bütün hərəkətləri dayandırmağa çağırıb.
VOA xəbər verir ki, Kaya Kallas yaydığı bəyanatda husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz mühasirəsi tətbiq etmək təhdidinin regional sabitliyə birbaşa təhlükə yaratdığını və vəziyyəti təhlükəli şəkildə gərginləşdirdiyini bildirib.
Husilər cümə axşamı Səudiyyə Ərəbistanına qarşı elan etdikləri dəniz mühasirəsi çərçivəsində iki Səudiyyə neft tankerini vurduqlarını açıqlayıblar.
Hərəkat daha əvvəl Səudiyyə Ərəbistanına dəniz mühasirəsi tətbiq etdiyini bəyan etmişdi. Buna cavab olaraq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya belə addımlara sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Müşahidəçilər bildirirlər ki, Qırmızı dənizdə mümkün yeni gərginlik Hörmüz boğazındakı vəziyyətlə yanaşı, dünya enerji tədarükünə əlavə təhlükə yarada bilər.
Kaya Kallas husilərin hücumlarını qəbuledilməz adlandıraraq, bu hərəkətlərin regiondakı onsuz da kövrək vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.
Avropa İttifaqının ali nümayəndəsi həm Hörmüz boğazında, həm də Qırmızı dənizdə gəmiçiliyin maneəsiz şəkildə davam etməli olduğunu bildirib.