BAKI,VOA,Yusif Şərifzadə
Pakistanın Baş naziri Şahbaz Şərif husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını qətiyyətlə pislədiyini bildirib və ölkəsinin Ər-Riyadla həmrəy olduğunu vurğulayıb.
VOA xəbər verir ki, Şahbaz Şərif bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, mövqeyini Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanla söhbəti zamanı da ifadə edib.
Pakistanın Baş nazirinin sözlərinə görə, husilərin hücumları qəbuledilməzdir və beynəlxalq hüququn normalarını pozur.
Şərif qeyd edib ki, bu cür hücumlar dənizdə sərbəst gəmiçiliyi təhlükə altına salır, regional sülhə və təhlükəsizliyə ciddi zərbə vurur.
O vurğulayıb ki, Pakistan Səudiyyə Ərəbistanının rəhbərliyi ilə "qətiyyətlə və sarsılmaz şəkildə" həmrəydir.
Şahbaz Şərif əlavə edib ki, İslamabad regionda sabitliyin qorunmasını və beynəlxalq dəniz yollarında təhlükəsizliyin təmin edilməsini vacib hesab edir.