BAKI,VOA,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın ABŞ-a İrana qarşı hərbi zərbələr zamanı Britaniya hərbi bazaları və obyektlərindən istifadə etməyə icazə verməsini pisləyən bəyanat yayıb.
VOA xəbər verir ki, İranın "Mehr" xəbər agentliyinin yaydığı bəyanatda bu addımın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn pozulması olduğu iddia edilib.
İran Xarici İşlər Nazirliyi bildirib ki, bu cür hərəkət İrana qarşı təcavüz aktında iştirak kimi qiymətləndirilə bilər.
Bəyanatda qeyd olunub ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara göstərilən hər hansı dəstək təcavüzə və müharibə cinayətlərinə şəriklik kimi dəyərləndirilir.
Rəsmi Tehran Böyük Britaniyanı hücumları pisləmək əvəzinə hücum edən tərəfləri dəstəkləməkdə ittiham edib. Nazirlik bununla yanaşı, 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi də daxil olmaqla, Böyük Britaniyanın keçmişdəki siyasətinə də istinad edib.
İran bəyan edib ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Tehran, həmçinin İrana qarşı hücumlara hər hansı formada yardım göstərən ölkələrin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını vurğulayıb.