BAKI,VOA,Yusif Şərifzadə
Küveytin Müdafiə Nazirliyi ölkənin şimalındakı Əl-Əbdəli sərhəd-keçid məntəqəsinin bu gün pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını açıqlayıb.
VOA xəbər verir ki, nazirliyin sözçüsü Səud Əbdüləziz əl-Ətvanın yaydığı bəyanata əsasən, hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı və ya xəsarət alan olmayıb.
Bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət göstərən xüsusi qruplar hadisə yerinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçiriblər.
Nazirlik, həmçinin pilotsuz uçuş aparatlarının qalıqlarının ərazidən təmizləndiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.
Əl-Əbdəli sərhəd-keçid məntəqəsi Küveytin Əl-Cəhra vilayətində yerləşir və İraq ilə sərnişin və yük daşımalarının həyata keçirildiyi əsas quru sərhəd keçid məntəqəsi hesab olunur.
Hadisənin məsuliyyətini üzərinə götürən hər hansı tərəf barədə hələlik rəsmi məlumat verilməyib.