#Qırmızı dəniz

Misirin xarici işlər naziri Bədr Əbdülati strateji dəniz yollarında sərbəst hərəkətə qarşı təhdidlərin qəbuledilməz olduğunu bildirib. O, heç bir ölkənin Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyə mane olmamalı olduğunu vurğulayıb. Nazir Qırmızı dənizdə də sərbəst və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini qeyd edib. Əbdülati dəniz yollarına qarşı təhdidləri regional və beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə adlandırıb. Onun sözlərinə görə, mövcud vəziyyət beynəlxalq təchizat zəncirlərinə mənfi təsir göstərir. Strateji su yollarındakı maneələr dünya ticarətinə də ciddi təsir edə bilər. Misir bütün boğazlarda sərbəst gəmiçiliyin beynəlxalq qaydalara uyğun qorunmasını istəyir. Qahirə dəniz təhlükəsizliyinin təmin edilməsini regional sabitlik üçün mühüm hesab edir.

Qətər və Səudiyyə Ərəbistanı dəniz naviqasiyasının təhlükəsizliyi və azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb, İsrailin Qəzza ilə bağlı ABŞ Prezidenti Donald Trampın planını davam etdirməkdən imtina etməsini yenidən pisləyib. Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Ər-Riyadda keçirilən görüşdə regiondakı son hadisələri və gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.

Yəmənin informasiya naziri Müəmmər əl-İryani husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə hazırlaşdıqlarını iddia edib. Onun sözlərinə görə, husilər Yəmənin qərb sahillərində hərbi mövcudluqlarını genişləndirirlər. Nazir husilərin Qırmızı dənizdəki strateji Yəmən adalarına da nəzarəti ələ keçirməyə çalışdıqlarını bildirib. Yəmən hökuməti limanlara, gəmilərə və dəniz qüvvələrinə qarşı hücumları bu planın göstəricilərindən biri hesab edir. Husilər hazırda Bab əl-Məndəb boğazının birbaşa sahilindəki ərazilərə nəzarət etmirlər. Bununla belə, boğazdan şimalda yerləşən Hüdeydə limanı onların nəzarətindədir. Bab əl-Məndəb beynəlxalq ticarət və enerji daşımaları üçün dünyanın mühüm dəniz keçidlərindən biridir. Boğaza nəzarət uğrunda mümkün mübarizənin Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyi bildirilir.

Hörmüz boğazından keçən gəmilərin sayı bir həftə ərzində 19,5 faiz azalıb. Avqustun 10-dan başlayan həftədə boğazdan 95 gəmi keçib. Avqustun 16-da isə yalnız üç keçid qeydə alınıb. Bəzi gəmilər Hörmüz boğazının İran tərəfdən və alternativ marşrutlardan istifadə edib. Oman tərəfdən keçən marşrutlarda isə heç bir keçid qeydə alınmayıb. Bəb əl-Məndəb boğazında gəmi keçidlərinin sayı 6,7 faiz artaraq 254-ə çatıb. İzlənməsi mümkün olmayan keçidlərin sayı 40-dan 16-ya düşüb.Məlumatlar bölgədə gəmiçilik marşrutlarının təhlükəsizlik vəziyyətinə uyğun dəyişdiyini göstərir.

Yəməndə husilərin hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirməsi ölkədə uzunmüddətli müharibənin yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb. Ölkədə on ildən artıq davam edən və on minlərlə insanın ölümünə, milyonlarla şəxsin didərgin düşməsinə səbəb olan vətəndaş müharibəsindən sonra 2022-ci ildə əldə edilən atəşkəs nisbi sakitlik yaradıb. Lakin son həftələrdə qarşıdurmaların yenidən şiddətlənməsi əhalidə müharibə qorxusunu artırıb.

BMT Yəməndə 2022-ci ildə əldə edilmiş atəşkəsdən sonra genişmiqyaslı müharibənin yenidən başlaması təhlükəsinin ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib. BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq ölkənin müxtəlif cəbhələrində hərbi fəallığın artdığını bildirib. Husilərin Məarib, Hədramaut, Əl-Məxa və digər bölgələrdəki hücumları hərbçilər və mülki şəxslər arasında itkilərə səbəb olub. Husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında qarşıdurmanın şiddətlənməsi yeni müharibə qorxusunu artırıb. Qrundberq Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların da yenidən artdığına diqqət çəkib. BMT bu hücumların Yəməni daha geniş bölgə qarşıdurmasına sürükləyə biləcəyindən narahatdır. Hörmüz boğazındakı böhran isə bölgədə ticarət və enerji daşımalarına əlavə təzyiq yaradır. BMT-nin məlumatına görə, Yəmən əhalisinin yarıdan çoxu kifayət qədər ərzaq əldə edə bilmir.

Yaponiya Baş naziri Sanae Takaiçi İran Prezidentindən Babül-Məndəb boğazında husilərin mümkün hücumlarının qarşısının alınmasına kömək etməsini istəyib. Tərəflər telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Takaiçi İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlardakı irəliləyişdən məmnunluğunu bildirib. Yaponiya müharibənin diplomatik yollarla dayandırılmasını dəstəklədiyini açıqlayıb. Pezeşkian isə İranın regionda sabitliyi pozmaq niyyətində olmadığını bildirib və Yaponiyanın səylərini alqışlayıb.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri husilərin qərb sahilə qarşı silsilə hücumlar həyata keçirdiyini açıqlayıb. Məlumata görə, hücumlar zamanı 10 raket və 4 pilotsuz uçuş aparatı istifadə olunub. Yəmən qüvvələri pilotsuz uçuş aparatlarından birini vurduqlarını bildirib. Ordu yeni hücum ehtimalına qarşı hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Ölkənin qərb sahili strateji əhəmiyyətli bölgələrdən biri hesab olunur. Yəməndə qarşıdurma tərəfləri arasında gərginlik davam edir.

UKMTO Yəmən sahillərində yük gəmisinin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Hadisə Qırmızı dənizin cənub hissəsində, Əl-Məxa limanı yaxınlığında baş verib. Qurum zərbə nəticəsində itkilərin olduğunu bildirib. Hadisə ilə bağlı araşdırma davam edir. UKMTO gəmilərə bölgədə ehtiyatlı hərəkət etməyi tövsiyə edib. Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi son dövrlərdə artan hücumlar səbəbindən diqqət mərkəzindədir. Əl-Məxa bölgəsi Yəməndə strateji əhəmiyyət daşıyan ərazilərdən biridir.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə qarşı partlayıcı qayıqla planlaşdırılan hücumun qarşısını aldıqlarını bildiriblər. Məlumata görə, Əl-Muxa yaxınlığında aşkarlanan qayıq hədəfə çatmamış partlayıb. Hökumət qüvvələri hücumun arxasında husilərin dayandığını iddia edir. Hadisə ilə bağlı itkilər barədə hələlik məlumat yoxdur.

İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı hərbi təlim keçirib. Təlimdə raket katerləri və sualtı qayıqlar da daxil olmaqla müxtəlif hərbi dəniz platformaları iştirak edib. İsrail ordusunun bildirdiyinə görə, məqsəd dənizdən mümkün sızmalar, çoxcəbhəli döyüşlər və hava hücumlarına qarşı hazırlıq səviyyəsini yoxlamaq olub. Təlim zamanı limanların və strateji infrastrukturun müdafiəsi üzrə müxtəlif ssenarilər sınaqdan keçirilib.