BAKI,VOA, Həcər Nazarova
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ABŞ-da saxlanıldığı təcridxanadan ilk fotolarını paylaşıb. Fotolarda onun boz idman geyimində olduğu və əlləri ilə sülh işarəsi göstərdiyi görünür. Maduro fotolarda əvvəlki görünüşü ilə müqayisədə xeyli çəki itirmiş təsir bağışlayır.
Maduro və həyat yoldaşı Siliya Flores yanvar ayında ABŞ xüsusi təyinatlıları tərəfindən Venesuelanın paytaxtı Karakasdan aparılaraq ABŞ-a gətiriliblər. Onlar Nyu-Yorkun Bruklin şəhərində narkotik qaçaqmalçılığı və odlu silah saxlama ittihamları ilə saxlanılırlar. Cütlük ittihamları rədd edir.
Maduro sosial şəbəkələrdə paylaşdığı mesajda fotoları nəvələrinə və onları sevən insanlara “kiçik hədiyyə” kimi göndərdiyini bildirib. O, ailəsinin və tərəfdarlarının sevgisinin onlara güc verdiyini vurğulayaraq “güclü, sakit və əmin” qalacaqlarını yazıb.
Fotolar bazar günü yayımlansa da, onların üzərindəki tarix çəkilişin iyunun 25-də aparıldığını göstərir. Bu tarix Venesuelanın şimalında 6 500-dən çox insanın ölümü ilə nəticələnən və geniş dağıntılara səbəb olan iki güclü zəlzələdən bir gün sonraya təsadüf edir.
Məlumata görə, Maduro həbsxanada qəzet və internetdən istifadə edə bilmir. Bununla belə, onun ailəsi və vəkilləri ilə ayda təxminən 300 dəqiqə telefonla danışmasına icazə verilir. Hər zəngin müddəti isə 15 dəqiqə ilə məhdudlaşdırılıb.
Fotoların həqiqiliyini və onların yayılmasına rəsmi icazə verilib-verilmədiyini müəyyənləşdirmək üçün saxlanma müəssisəsinə müraciət edilsə də, ilkin olaraq cavab alınmayıb.
Maduronun paylaşımı onun xələfi, müvəqqəti prezident Delçi Rodriqesin ABŞ şirkətlərinə Venesueladakı neft yataqlarında fəaliyyət göstərməyə imkan verən “tarixi” neft sazişini elan etməsindən iki gün sonra yayımlanıb.