BAKI,VOA, Fərid Mikayılov
Qırğızıstan və Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 30-dan çox sənəd imzalanıb. Razılaşmalar Çin Sədri Si Cinpinin Qırğızıstana dövlət səfəri çərçivəsində əldə olunub.
VOA xəbər verir ki, imzalanmış sənədlər iki ölkə arasında sərhəd, dəmir yolu, elektron ticarət, gömrük, media məzmunu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsini əhatə edir.
Bundan başqa, kənd təsərrüfatı, etnik münasibətlər və digər sahələrdə əlaqələrin genişləndirilməsinə yönəlmiş 20 əlavə sənəd də imzalanıb.
Razılaşmaların Qırğızıstanla Çin arasında iqtisadi, nəqliyyat, ticarət və humanitar əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcəyi gözlənilir.
Çin Sədri Si Cinpin Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə avqustun 30-da dövlət səfəri üçün Qırğızıstana gəlib.
Səfər çərçivəsində Çin liderinin Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirakı nəzərdə tutulur.
Si Cinpinin, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının toplantısında və digər tədbirlərdə iştirakı gözlənilir.