BAKI,VOA, Həcər Nazarova
İsrailli ravvin Menachem Ben Şahar işğal altındakı Qərb Sahilindən fələstinlilərin qovulmasına çağırıb və yəhudi olmayan şəxslərin “İsrail torpağı” adlandırdığı ərazidə milli hüquqlara malik olmadığını iddia edib.
Ben Şahar bir qrup qarşısında çıxışı zamanı yəhudi suverenliyini qəbul etməkdən imtina edən ərəblərin ərazini tərk etməli olduğunu bildirib. O, həmçinin valideynləri “düşmən” hesab edilən 5 yaşlı uşağın belə “mövcud olmaq hüququnu itirdiyini” deyib.
Ravvinin bu açıqlamaları ilə bağlı görüşün dəqiq yeri və tarixi hələlik məlum deyil. İsrail mediasının məlumatına görə, Ben Şahar 2025-ci ilin oktyabrında ekstremist mesajlar yaymaq və fələstinlilərə qarşı zorakılığa təhrik etmək şübhəsi ilə polis tərəfindən saxlanılaraq dindirilib. O, daha əvvəl Fələstinin Huvvara şəhərinin “yer üzündən silinməsinə” çağırış edib.
Beynəlxalq hüquqa əsasən, işğal altındakı Qərb Sahilində İsrail yaşayış məntəqələri qanunsuz hesab olunur. Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ilin iyulunda verdiyi məsləhət xarakterli rəydə İsrailin işğal altındakı Fələstin ərazilərində davamlı mövcudluğunun qanunsuz olduğunu və bunun “mümkün qədər tez” sona çatdırılmalı olduğunu bildirib.