BAKI,VOA,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani cümə axşamı Tehrana səfər edəcək. O, səfər çərçivəsində bir sıra İran rəsmiləri ilə görüşəcək.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlamasına əsasən, danışıqlarda bölgədə gərginliyin azaldılması və tərəflər arasında dialoq üçün əlverişli şəraitin yaradılması yolları müzakirə olunacaq.
Qətər tərəfi səfərin Dohanın mübahisələrin həllində diplomatik yolun ən səmərəli vasitə olduğuna dair dəyişməz mövqeyinə uyğun həyata keçirildiyini bildirib.
Nazirliyin sözçüsü vurğulayıb ki, Qətər diplomatik vasitələrin bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qənaətindədir.
Tehrandakı görüşlərin əsas mövzularından biri də Hörmüz boğazında sərbəst gəmiçilik məsələsi olacaq. Tərəflərin boğazdakı vəziyyətin fevralın 28-dən əvvəlki şəraitə qaytarılması zərurətini müzakirə edəcəyi bildirilir.
Məhəmməd bin Əbdürrəhman bin Casim Al Taninin səfəri bölgədə gərginliyin davam etdiyi və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin xüsusi əhəmiyyət qazandığı bir vaxta təsadüf edir.