BAKI,VOA Orxan Qədirzadə
İranla müharibənin uzanması ABŞ-ın silah-sursat ehtiyatlarına ciddi təzyiq yaradıb və Vaşinqtonun Asiyadakı müttəfiqləri arasında narahatlığı artırıb.
“Vaşinqton Post”un məlumatına görə, Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən Sakit okeanda yerləşdirilməsi planlaşdırılan 30-dan çox ABŞ hərbi gəmisinin istiqaməti dəyişdirilərək Yaxın Şərqə göndərilib. Bu vəziyyət ABŞ-ın Çin və Şimali Koreyanı çəkindirmə imkanları ilə bağlı narahatlıqları gücləndirib.
Tayvan ABŞ-dan “Patriot” raketlərinin tədarükündə ciddi gecikmələr gözləyir. Yaponiya isə “Tomahawk” qanadlı raketləri də daxil olmaqla bəzi müdafiə sistemlərinin çatdırılmasında gecikmə barədə xəbərdarlıq alıb.
ABŞ rəsmiləri hərbi qüvvələrin Hind-Sakit okean regionunda hələ də hazır və çəkindirmə qabiliyyətinə malik olduğunu bildirirlər. Bununla belə, ekspertlər İran müharibəsinin Vaşinqtonun Asiyada uzunmüddətli hərbi hazırlığına mənfi təsir göstərə biləcəyini düşünürlər.
Məlumata görə, Pentaqon silah ehtiyatlarını yeniləmək üçün müdafiə sənayesi şirkətlərinə istehsalı sürətləndirmək təzyiqi göstərir. “Lockheed Martin”ə “Patriot” raketlərinin istehsalını 2030-cu ilədək üç dəfə artırmaq üçün 58,6 milyard dollarlıq müqavilə də verilib.
Analitiklərin fikrincə, əsas sual ABŞ-ın İran müharibəsində artan silah tələbatı ilə Asiyada, xüsusilə Çin qarşısında hərbi çəkindirmə ehtiyacını eyni vaxtda necə təmin edəcəyidir.