BAKI,VOA,Yusif Şərifzadə
Tehranda yerləşən Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş elmi əməkdaşı Abbas Əslani ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti ilə yanaşı, vasitəçilər üzərindən dolayı əlaqələri davam etdirdiyini bildirib. Onun fikrincə, Vaşinqton mümkün danışıqlarda əldə ediləcək irəliləyişi öz iqtisadi təzyiqlərinin nəticəsi kimi təqdim etməyə çalışır.
VOA xəbər verir ki, Abbas Əslani ABŞ-nin bir tərəfdən İranın iqtisadi cəhətdən sıxışdırılmasında israr etdiyini və danışıqların aparılmadığını bildirdiyini, digər tərəfdən isə bölgə ölkələrinin vasitəçiliyi ilə Tehrana dolayı yollarla ismarıclar göndərdiyini deyib.
Əslani hesab edir ki, bu yanaşma Vaşinqtonun mümkün danışıqlarda əldə ediləcək hər hansı irəliləyişi ABŞ-nin təzyiq siyasətinin nəticəsi kimi göstərmək niyyətindən xəbər verir.
“Bu, ABŞ-nin danışıqlarda əldə ediləcək hər hansı irəliləyişi öz təzyiqlərinin nəticəsi kimi təqdim etmək istədiyini göstərir”, – iranlı təhlilçi bildirib.
Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp İran məsələsində siyasi uğur əldə etdiyini göstərməyə ehtiyac duyur.
Əslani bildirib ki, Tramp üçün yalnız qarşıdurmadan çıxış yolu tapmaq deyil, eyni zamanda mümkün razılaşmanı qələbə kimi təqdim etmək və bunu ABŞ ictimaiyyətinə qəbul etdirmək də əhəmiyyət daşıyır.
İranlı təhlilçi Trampın danışıqlar zamanı dəyişkən mövqe nümayiş etdirdiyini bildirərək müharibənin nə vaxt başa çatacağını əvvəlcədən müəyyənləşdirməyin çətin olduğunu vurğulayıb.
Əslani hesab edir ki, qarşıdakı günlərdə və ya həftələrdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı aydın mənzərə yoxdur.