BAKI,VOA Orxan Qədirzadə
ABŞ-ın Kolumbiya Universitetindəki fələstinli tələbə və əməkdaşların universitet rəhbərliyinə qarşı ayrı-seçkilik iddiası ilə məhkəməyə müraciət etdiyi açıqlanıb.
Nyu-York Ali Məhkəməsinə təqdim edilən iddiada beş fələstin əsilli ABŞ vətəndaşı universitetin 2023-cü ilin sonundan etibarən fələstinlilərə qarşı ayrı-seçkilik etdiyini və onları təzyiq altında saxladığını bildirib.
İddiaçılar universitetin fələstin tərəfdarı aksiyalara qatılan tələbə və əməkdaşları intizam araşdırmalarına cəlb etdiyini, bəzi hallarda isə kəffiyə taxdıqları üçün araşdırıldığını iddia ediblər. Universitetin həmçinin fələstin tərəfdarı tələbələrə qarşı gizli müşahidə aparmaq üçün özəl müstəntiqlərdən istifadə etdiyi irəli sürülüb.
Kolumbiya Universiteti daha əvvəl ayrı-seçkilik ittihamlarını rədd edib. Universitetdə Qəzzadakı müharibəyə etirazlar 2023-cü ildən geniş vüsət alıb və bir sıra tələbələr həbs edilib, universitetdən uzaqlaşdırılıb və ya təhsil hüquqlarını itirib.