BAKI,VOA Orxan Qədirzadə
2025-ci ildə dünyada 907 humanitar yardım əməkdaşı öldürülüb, yaralanıb və ya oğurlanıb. BMT-nin məlumatına görə, Qəzza ardıcıl üçüncü ildir yardım işçiləri üçün dünyanın ən təhlükəli bölgəsi olaraq qalır.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) açıqlamasına əsasən, ötən il 350 humanitar əməkdaş həyatını itirib. Onlardan 186-sı Qəzzada, 71-i isə Sudanda öldürülüb.
2026-cı ilin ilk aylarında da təhlükə davam edib. Münaqişə zonalarında 82 humanitar əməkdaş öldürülüb, 97-si yaralanıb, 39 nəfər isə oğurlanıb.
BMT-nin fövqəladə yardım üzrə koordinatoru Tom Fletçer üç il ərzində mindən çox yardım əməkdaşının öldürülməsini qəbuledilməz adlandıraraq beynəlxalq humanitar hüququn qorunmasına və məsuliyyətin təmin edilməsinə çağırıb.
OCHA həmçinin silahlı pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin artmasının yardım əməkdaşları və mülki şəxslər üçün təhlükəni artırdığını bildirib. BMT-yə görə, 2026-cı ilin ilk dörd ayında Sudanda mülki ölümlərin təxminən 80 faizi PUA hücumları ilə əlaqəli olub.